Azərbaycanın xarici siyasətində prioritetlərdən biri məhz türk dünyasıdır- ÖZƏL

"2024-cü ildə   Azərbaycanın siyasi-ictimai həyatında ölkəmizin tarixinə düşəcək mühüm hadisələr baş verdi. İlk öncə 2024-cü ilin fevralında başlanan prezident seçkilərini qeyd etmək lazımdır. Bu seçkilər sözün əsl mənasında ölkəmizin tarixinə əvəzolunmaz bir iz qoydu, çünki 1991-ci ildən bu günə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin bütün ərazilərində, suverenliyi bərpa etmiş Azərbaycanda prezident seçkiləri baş tutdu. Bu seçkilərin nəticəsində növbəti dəfə xalqın böyük əksəriyyətinin etimadı ilə İlham Əliyev qalib oldu. Daha sonra 2024-cü ilin martında Bakıda baş tutan 11-ci Qlobal Bakı Forumunu qeyd etmək lazımdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən bu forumun mövzusu "Parçalanmış dünyanın bərpası" idi".

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Forumda dünyanın bir çox ölkələrindən nümayəndələr iştirak etmiş, regional və qlobal problemlərin həlli yönündə mühüm müzakirələr aparılmışdı ki, bu da bir daha Azərbaycana olan etimadın, ilbəil artan beynəlxalq statusunun göstəricisidir. Digər tərəfdən 2024-cü ilin iyulunda Şuşada baş tutmuş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti də bu ilin mühüm məqamlarındandır. Həmin sammit ilk dəfə olaraq Şuşa şəhərində keçirilirdi və bu sammitdə mühüm sənədlər, o cümlədən Qarabağ Bəyannaməsi imzalandı. Bilirik ki, Azərbaycanın xarici siyasətində prioritetlərdən biri məhz türk dünyasıdır. İlham Əliyev inaqurasiya mərasimində də bunu qeyd etmişdi ki, bizim ailəmiz türk ailəsidir. Məsələyə bu tərəfdən yanaşsaq, TDT Sammitinin Azərbaycanda baş tutması bir daha Azərbaycanın türkdilli ölkələr arasında əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Türk dövlətləri arasındakı inteqrasiyanın sürətlənməsinı töhfə verəcək bir addım kimi Şuşa Sammitini qeyd edə bilərik. Digər yandan 2024-cü ilin sentyabrında parlament seçkiləri keçirildi. Eyni zamanda, Azərbaycanın xarici siyasətində Şərq və Asiya istiqamətinin inkişafına yol açan mühüm tədbirlər oldu ki, buna misal olaraq Azərbaycanın BRİCS platforması çərçicəsində fəaliyyətini artırması, oktyabrda Kazanda baş tutan Sammitdə ölkə başçısı Prezident İlham Əliyevin iştirakını xüsusi olaraq vurğulamaq lazımdır. Digər tərəfdən dekabr ayında D-8 Sammitində Azərbaycanın Baş nazir səviyyəsində təmsil olunması Azərbaycanın xarici siyasətdə islam həmrəyliyi məfkurəsinə də böyük əhəmiyyət verdiyinin bariz nümunəsidir. Mühüm hadisələrin ən önəmlilərindən biri sözsüz ki, Azərbaycanın COP29-a evsahibliyi etməsi oldu. 2024-cü ilin noyabrın 11-dən 22-nə qədər dünyanın ən mötəbər tədbirlərindən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası məhz Bakıda baş tutdu. Azərbaycanın səyləri və diplomatiyası ilə burada mühüm qərarlar qəbul edildi. Karbon krediti bazarının nizamlanması, inkişaf etmiş dövlətlərin maliyyə öhdəlikləri və s. ilə bağlı mühüm qərarlar verildi. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzuna bir daha müsbət dividentlər gətirmiş, ölkəmizin regional və qlobal problemlərin həllində aktiv fəaliyyət göstərdiyinin əyani göstəricisi oldu. Azərbaycan-Ermənistan münasibətində müəyyən inkişafdan danışa bilərik. İlk növbədə 2024-cü ilin aprel ayında tərəflər arasında yeddi kilometrdən bir qədər çox hissəsinin delimitasiyası ilə bağlı razılıq əldə olundu. Eyni zamanda, bu razılığı iki ölkə arasında birbaşa danışıqlar vasitəsilə əldə olunmuş ilk razılıq kimi qeyd edə bilərik. Razılıq nəticəsində Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarılmış oldu. Avqust ayında hər iki ölkənin delimitasiya-demarkasiya Komissiyaları arasında birgə Komissiyanın əsasnaməsi ilə bağlı əldə etdiyi razılığı da delimitasiya sayəsindəki uğurlara aid edə bilərik. Sülh sazişinin imzalanması prosesi çərçivəsində də mühüm addımlar atılmış oldu ki, bu da ən son bəyanatlardan daha da aydınlaşdırıldı. Yəni, sülh sazişi mətninin 17 maddəsinin 15 maddəsi razılaşdırılıb. Bu, özü ciddi bir irəliləyişdir. Yalnız iki maddə ətrafında hələ də narazılıq qalmaqdadır. Bu maddələr tərəflərin qarşılıqlı şəkildə beynəlxalq məhkəmə iddialarından vaz keçməsi ilə bağlıdır. Eyni zamanda, üçüncü güclərin nümayəndələrinin şərti sərhəddə olmaması ilə bağlıdır. 17 maddənin 15-i razılaşdırıldığına görə biz bu sahədə də müəyyən irəliləyişlərin, uğurların olduğunu qeyd edə bilərik. Həmçinin 2024-cü ilin yayında Çinlə imzalanmış strateji tərəfdaşlıq sazişi və 2023-cü ilin yayında Özbəkistanla imzalanmış müttəfiqlik haqqında saziş də ölkəmizin ictimai-siyasi həyatında 2024-cü il üçün baş vermiş mühüm hadisələr sırasında qeyd etmək lazımdır. Sözsüz ki, uğurlarla yanaşı, gözlənilməz hadisələr də baş verir. Əfsuslar olsun ki, ötən gün Aktau yaxınlığında təyyarə qəzasının baş verməsi dediyimə dəlalət edir. Həlak olanların hamısına Allahdan rəhmət diləyirəm. Belə faciələrin bir daha təkrarlanmamasını ümid edirəm".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31