Aktauda qəzaya uğrayan təyyarənin qara qutuları mütəxəssislər gəldikdən sonra deşifrə olunacaq - Nazir müavini

Sabah ekspertlər Aktauda qəzaya uğrayan təyyarənin qara qutularının məlumatlarını deşifrə etmək üçün Qazaxıstana gələcəklər.

Olaylar.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev Aktauda keçirdiyi brifinqdə deyib.

"Bütün ölkələrin əməl etdiyi bir alqoritm və standartlar var. İndi fraqmentlərin və detalların toplanması prosesi gedir. Təyyarəni istehsal edən ölkə Braziliyanın, eləcə də hava daşıyıcısının nümayəndələri də daxil olmaqla, ekspertlər sabah gələcək. Onlar gəldikdən sonra məlumatların şifrəsini necə açmaq barədə qərar veriləcək. Bu qurulmuş alqoritmdir", - nazir müavini vurğulayıb.

Nazir müavini qeyd edibki, əvvəlcə təyyarə qəzasını araşdırmaq üçün komissiya yaradılacaq. Məhz bu komissiya bütün mövcud məlumatlar və şərait əsasında qara qutularla işləmək barədə qərarlar qəbul edir.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31