Faktları saxtalaşdırmaq – erməni siyasətinin əsas tərkib hissəsidir
22 Oktyabr 2024 11:16 SiyasətErmənistanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arsen Avagyan ISNA agentliyinə verdiyi müsahibəsində Tehran və İrəvan arasındakı ikitərəfli münasibətlər və əməkdaşlıq barədə danışıb. O qeyd edib ki, Ermənistan Respublikası ilə İran İslam Respublikası arasında isti dostluq münasibətləri mövcuddur:
"İranla münasibətlərin daha da gücləndirilməsi və dərinləşdirilməsi Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edir və bu, Ermənistan hökumətinin 2021-2026-cı illər proqramında da əksini tapmışdır. Hər iki tərəfin bu əlaqələri daha da dərinləşdirmək üçün siyasi iradəsi və hazırlığı mövcuddur."
Diplomat, Azərbaycan tərəfinin "Zəngəzur dəhlizi" barədə sualına cavab olaraq bildirib ki, regionda sülh və sabitliyin təmin edilməsinin əsas zəmanətlərindən biri nəqliyyat və iqtisadi infrastrukturun açılmasıdır ki, bu da Ermənistan hökumətinin prioritetlərindən biridir:
"Bu proses barədə Ermənistan hökumətinin təsəvvürləri baş nazir tərəfindən təqdim edilən "Sülh kəsişməsi" layihəsində ətraflı şəkildə əks olunub. Biz hər hansı eksteryitorial dəhlizin mövcudluğunu qəbulolunmaz hesab edirik və vurğulayırıq ki, istənilən kommunikasiyalar suverenlik və qarşılıqlı hörmət prinsipləri əsasında həmin ölkənin yurisdiksiyasında olmalıdır. Bu mövqe "Sülh kəsişməsi" layihəsində də əks olunub."
Avagyan qeyd edib ki, Ermənistanın bu mövqeyi İranda tam qarşılıqlı anlaşma ilə qəbul olunub və Tehrandan Ermənistanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığına hörmət edilməsinin vacibliyi ilə bağlı yüksək səviyyədə bəyanatlar səsləndirilir.
Ermənistanın siyasi elitası isə hər vasitə ilə Bakı və Ankaradan Ermənistanın sərhədlərinin Sovet Ermənistanı çərçivəsində tanınmasını tələb edir. Qeyd edək ki, 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının qərarı ilə 9,2 min kvadrat kilometr ərazisi olan İrəvan qəzası ermənilərə dövlət yaratmaq üçün verilmişdi. Daha sonra 1921-ci il martın 16-da imzalanan Moskva müqaviləsi ilə Azərbaycanın torpaqları Sovet Ermənistanına verilmiş, azərbaycanlılar öz tarixi torpaqlarından kütləvi şəkildə qovulmuşdular. Ermənistanın ərazisi 29,8 min kvadrat kilometrə çatdırılmışdı.
Ermənistan baş naziri Nikol Paşinyanın 79-cu BMT Baş Assambleyasının sessiyasında etdiyi çıxışını xatırladan səfir bildirib ki, Ermənistanın hər hansı bir sənədlə üçüncü tərəflərin öz ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsinə razılıq verdiyi barədə iddialar həqiqəti əks etdirmir. Lakin Paşinyanın 9-10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının 9-cu bəndində məhz üçüncü tərəf - Rusiya tərəfindən Zəngəzur dəhlizinin nəzarətinin həyata keçiriləcəyi təsbit olunub.
İrəvan başa düşməyib ki, Bakı ilə Zəngəzur dəhlizinin fəaliyyəti barədə razılığa gəlməsə, Paşinyanın təklif etdiyi "Sülh kəsişməsi" layihəsi reallaşmayan "Şimal-Cənub" layihəsinə çevriləcək.
Qeyd edək ki, Azərbaycan öz sərhədlərini ermənilərdən azad etdikdən sonra, çətin keçilən İran-Ermənistan yolu yenidən qurulmalı oldu. Son 4 ildən artıqdır ki, iranlılar və ermənilər birlikdə Kacarandan Aqaraka qədər olan 32 kilometrlik yolun tikinti işləri ilə məşğuldurlar.
Bu şəraitdə hansısa böyük nəqliyyat layihəsindən danışmaq gülüncdür! Həmçinin İran və Hindistan üçün iqtisadi cəhətdən "Şimal-Cənub" dəhlizi vasitəsilə öz yüklərini Azərbaycanın ərazisindən keçərək Rusiyanın qərb hissəsinə və Belarusiyaya, Şərqi Rusiyaya isə Orta Asiya ölkələri vasitəsilə daşımaq daha sərfəlidir.
Erməni diplomat isə İrəvanın mövqeyini təkrarlayaraq bildirir: "Razılaşdırılmış mətn əsasında müqaviləni imzalayaq, qalan məsələləri sonra həll edərik." Lakin bu cür yarımçıq bir sülh müqaviləsi imzalana bilməz. Ya hər şey vahid bir paketdə həll olunmalıdır, ya da belə bir müqavilə mümkün deyil!
Tehran-İrəvan tandemi bu iki xalqı fəlakətə aparacaq.
Kamran Rüstəm