Azərbaycan dünya birliyinə inteqrasiyanı prioritet hesab edir
18 Oktyabr 2024 10:43 Siyasətİstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanın dünya birliyinə inteqrasiyası prioritet məsələlər sırasına daxil oldu. Müstəqil dövlət olaraq Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla bərabərhüquqlu, ikitərəfli münasibətlərə üstünlük verdi. Etiraf edilməlidir ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası məsələsində ümummilli lider Heydər Əliyevin rolu danılmazdır. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyev yeni dünya düzənində regional və qlobal inteqrasiyanı strateji xətt kimi müəyyən etmişdi. Bu siyasətin ardıcıl olaraq həyata keçirilməsi, Azərbaycanın dünyada özünü təsdiqi ilə nəticələndi. Məhz təməli qoyulan düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan hazırda çoxsaylı dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hazırda Azərbaycan nəinki dünya dövlətləri ilə əməkdaşlıq edir, hətta beynəlxalq aləmin qlobal problemlərinin həlli istiqamətində faydalı təşəbbüslə çıxış edir. Ölkəmiz bir sıra beynəlxlaq və regional təşkilatlara sədrlik edir, səmərəli fəaliyyəti ilə dünya dövlətlərinin rəğbətini qazanır. Xatırladaq ki, 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Yeri gəlmişkən qeyd edək ki, Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Etiraf edilməlidir ki, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi. Bunu dünya dövlətlərinin liderləri dəfələrlə bəyan ediblər. Bildiriblər ki, Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. 120 üzv dövlətdən ibarət olan təşkilatda səmərəli nəticə əldə etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur. Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü Liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər.
Eləcə də ölkəmiz çoxsaylı beynəlxlaq tədbirlərə ev sahibliyi edir. Dünyanın güc mərkəzləri qlobal problemlərin həlli üçün məhz Azərbaycanı məkan olaraq seçirlər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi təsadüfi deyil. COP29-un Bakıda keçirilməsi qərarı dünya dövlətləri tərəfindən yekdilliklə qəbul edilib. Bununla beynəlxalq ictimaiyyət bir daha Azərbaycana hörmət və ehtiramını göstərmiş oldu. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur: "Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək".
Lakin bütün cəhdlərə baxmayaraq Azərbaycanın işğal altında olan ərazilərini azad etməsi bəzi Avropa dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qısqanclıqla qəbul edilir. Xüsusən, erməni diasporasının "sehirli çubuğu" ilə işləyən beynəxalq təşkilatlar bu məsələdə daha canfəşanlıq edirlər. Korrupsiyalaşan beynəlxalq təşkilatlar erməni diasporasının təkidi ilə ölkəmizə qarşı heç bir əsası olmayan qərar və qətnamələr qəbul edirlər. Avropa Şurası, Avropa İttifaqı kimi imicini itirmiş beynəlxalq təşkilatlar daha irəli gedərək Azərbaycanı saxta məlumatlar əsasında suçlayırlar. Məlumat üçün qeyd edək ki, yeni formalaşan Milli Məclis Azərbaycanın Avropa Şurası Parlament Assembleyasına (AŞ PA) nümayəndə heyəti formalaşdırmadı. Çünki, 2024-cü ilin yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin AŞ PA-da səlahiyyətləri təsdiqlənməyib. Bu qərardan əvvəl isə nümayəndə heyəti AŞ PA-nın ədalətsiz yanaşmalarına və ikili standartlar tətbiq etməsinə etiraz olaraq, bu qurumda fəaliyyətini dayandırıb. Bu günlərdə başa çatan payız sessiyasında AŞ PA Bakı əleyhinə yeni kampaniyaya start verdi. Strasburqda keçirilən sessiyada "Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi" mövzusunda müzakirələr yenə də anti-Azərbaycan ruhda keçdi. Azərbaycan üzrə məruzəçi, norveçli deputat Liz Kristofersen iddia etmişdi ki, COP29 yaxınlaşdıqca Azərbaycanda hadisələr "pis istiqamətdə" inkişaf etməkdədir. Buna sübut kimi Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə səs verdiyinə görə 76 deputatın persona-non-qrata elan edilməsini göstərmişdi.
Həmçinin Avropa İttifaqı Şurası Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün milyonlarla avro məbləğində yardım ayırmaq barədə qərar qəbul edib. Məlumata görə, yardım Avropa Sülh Fondu çərçivəsində həyata keçiriləcək. Bu, Ermənistan üçün ilk belə qərardır. Məqsəd Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki potensialını gücləndirmək, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Birmənalı şəkildə qeyd edilməlidir ki, sözügedən dəstək Ermənistanın dayanıqlığını artırmaq və ölkənin Aİ tərəfindən yerləşdirilən beynəlxalq hərbi missiya və əməliyyatlarda gələcəkdə mümkün iştirakı halında onun silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Göründüyü kimi Azərbaycanın günü-gündən beynəlxlaq imicinin artması bəzi dövlətlər və beynəlxlaq təşkilatlar tərəfindən həzm edilmir. Lakin bütün cəhdlərə baxmayaraq heç bir qərar və qətnamə Azərbaycanı müstəqil siyasət yürütmək fikrindən daşındıra bilməyəcək.
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.