Dövlətlərin heç də hamısı 3+3 formatına eyni dərəcədə etimadla yanaşmırlar - ÖZƏL
17 Oktyabr 2024 15:51 Siyasət"Rusiyanın bölgədə sülh və təhlükəsizliyin perspektivlərinə 3+3 əməkdaşlıq formatı çərçivəsində önəm verməsi özlüyündə maraqlı və təqdirəlayiq hadisədir. Baxmayaraq ki, bu, Rusiyanın layihəsi deyil, 3+3 layihəsini ilk dəfə olaraq bir xoş məram nümayişi kimi Azərbaycan və Türkiyə rəhbərləri irəli sürüblər və nə yaxşı ki, bu demək olar ki, bölgənin hər altı dövləti tərəfindən sözdə də olsa dəstəklənib. Amma onun bəziləri üçün bu yalnız sözdə dəstəkləməkdən ibarətdir, bəziləri üçün isə, xüsusilə də Azərbaycan və Türkiyə üçün həqiqətən, bu format çərçivəsində gələcək geniş əməkdaşlığın və sülhün perspektivlərinin axtarışlarına səmimi şəkildə bir bağlılıq var".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Əlbəttə, real yanaşanda bu formatın bölgəyə böyük əməkdaşlıq və dayanıqlı sülh, təhlükəsizlik gətirə biləcəyinə sözün açığı, mən inanmıram. Ona görə ki, dövlətlərin heç də hamısı bu formata eyni dərəcədə etimadla yanaşmırlar, eyni dərəcədə məsuliyyət nümayiş etdirmirlər və onun uğur qazanması üçün özlərindən asılı olan hər şeyi etmirlər. Məsələn, indiyə qədər onun iki görüşü olub. Növbəti görüşün İstanbulda keçirilməsi planlaşdırılır. Birinci dəfə bu 2021-ci ildə Moskvada keçirildi, 2023-cü ildə Tehranda keçirildi və indi də İstanbulda keçirilməsi planlaşdırılır. Baxmayaraq ki, Türkiyə də, Azərbaycan da ona böyük etimad göstərirlər. Amma hər halda onun uğurlu bir formata çevriləcəyi tam şəkildə təəssüf ki, nə Azərbaycandan nə də Türkiyədən asılı deyil. Məsələn, bu gün Ermənistanın 3+3 formatının əsas ana prinsipi bölgənin problemlərinin yalnız bölgənin altı ölkəsinin imkanları hesabına həlli üzərində cəmləşib. Amma Ermənistan faktiki bölgəyə kənarda müəyyən qüvvələri cəlb etmək istəyir və bu bölgənin problemlərinə kənar qüvvələri fəal şəkildə müdaxiləsinə şərait yaratmaqla məşğuldur. Bu da 3+3 formatının reallıqlarına və hədəflərinə uyğun gəlmir və yaxud da ki, Gürcüstan bu gün faktiki olaraq bu layihədə iştirak etmir. Birinci görüşdə iştirak etmədi, ikinci görüşdə xarici işlər nazirinin müavinini göndərdi və bu üçüncü görüşdə Gürcüstanın iştirak edib, etməyəcəyi bəlli deyil və Gürcüstan Rusiya ilə hələ tam etimadlı münasibətlər səviyyəsinə gəlib çatmadığına görə bu görüşlərdə iştirak etmir. Bu da həm Ermənistanın özündən, həm də Gürcüstanın vəziyyətindən, formatın daha geniş və uzaq hədəflərinə ulaşmasına ciddi maneə törədən amillərdən biridir.
3+3 formatının çox ciddi qərarlar ortaya qoya bilmək imkanları da məhduddur. Məsələn, əgər 3+3 formatına daxil olan ölkələr, deyək ki, NATO-nun, sonra Avropa Birliyinin, başqa qeyri-region strukturlarının bu bölgədəki fəaliyyəti ilə bağlı müəyyən vahid bir mövqe ortaya qoya bilsələr, onun gələcəyinə ümidlə baxmaq olar. Halbuki, Azərbaycan, məsələn, NATO-nun, Avropa Birliyinin bu bölgədə sağlam siyasət aparmadığını iddia edir. Rusiya bu iddianı ilkin irəli sürənlərdən biridir. İranın mövqeyi bundan ibarətdir. Ancaq Ermənistan Avropa Birliyinin müəyyən pozucu strukturlarının bölgəyə gətirilməsində maraqlıdır. Gürcüstan isə ümumiyyətlə, Avropa Birliyindən, Qərb strukturlarından uzaqlaşmaq yolunu götürüb. Belə şəraitdə mən təkcə bir nüansı xatırlatdım, ancaq bu elə bir nüansdır ki, ona vahid bir mövqe nümayiş etdirilməsi 3+3 formatına daxil olan imkanlarının əlaqələndirilməsində böyük rol oynaya bilər və onun gələcəyinə böyük ümidlər yarada bilər. Amma təəssüf ki, bunu söyləmək indi çətindir. Amma əlbəttə, ilkin məsləhətləşmə formatı kimi onun fəaliyyətini və perspektivlərini tam şəkildə qaralamaq da olmaz. Hər halda, hər şeyi gələcək göstərəcək, onun bir səmərəli və nəticə yönümlü məşvərət birliyinə və yaxud da ki, müzakirə, dialoq platformasına çevrilməsi gələcəyin işidir. Bunların hansının real olacağını isə gələcək göstərəcək. Əsas budur ki, Azərbaycan və Türkiyə bu formatın imkanlarına səmimi şəkildə inanırlar".