ABŞ bölgədə yaranmış yeni reallıqları qəbul edə bilmədi- ÖZƏL
10 Oktyabr 2024 17:15 Siyasət"ABŞ-nin Azərbaycana qarşı ikili standartlar siyasəti yeni deyil. Azərbaycan müstəqilliyini qazanan gündən bəri biz bu siyasəti görməkdəyik. 1992-ci ildə Azərbaycan əraziləri işğala məruz qalanda, Xocalıda etnik təmizlənmə həyata keçiriləndə, soyqırım törədiləndə ABŞ bu məsələlərə biganə qaldı. İşğalçı Ermənistana yox, Azərbaycana sanksiyalar tətbiq etdi".

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bundan sonrakı dövrdə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı ABŞ-nin hansısa ciddi-cəhdlərinin və Ermənistana təzyiqlərinin şahidi olmadıq. Əksinə, 44 günlük savaşa qədərki dönəmdə Amerikanın siyasəti ona yönəlmişdi ki, Azərbaycan öz ərazilərini azad etməsin və ABŞ təkrar-təkrar bu münaqişənin hərbi həlli yolunun olmadığını söyləməklə prosesi başqa müstəviyə çəkmək və işğal müddətini uzatmaqla Azərbaycanı işğal faktı ilə barışmağa məcbur etməyə çalışırdı. 44 günlük savaşdan sonra ABŞ bölgədə yaranmış yeni reallıqları qəbul edə bilmədi. Xüsusilə də, Amerika tarixinin ən ermənipərəst administrasiyası olan Bayden administrasiyası tərəfindən siyasi xəttin həyata keçirilməsi gözlənilən idi. Çünki Bayden və onun komanda üzvlərinin əksəriyyəti birbaşa erməni diasporası ilə iç-içə olan şəxslərdir. Bu lobbi maraqlarından da çıxış edərək ermənilərin maraqlarını müdafiə edirlər. Xüsusilə də keçən ilin 19 sentyabrından sonra ABŞ Azərbaycana qarşı təzyiqləri daha çox artırmağa başladı. Belə ki, ən azı "Qarabağ erməniləri" kartı ilə Azərbaycanı təzyiq altında saxlamaq istəyən Amerika bu rıçaqların da əldən çıxdığını gördüyü üçün siyasətini sərtləşdirdi. Nəzərə alsaq ki, uzun müddət ABŞ-nin səfirləri Şuşaya getməkdən imtina edirdilər və nəhayət bu ilin yayında belə bir səfər gerçəkləşdi. ABŞ Dövlət Departamentində dövlət katibinin müavini statusunda olan ən azı 5 müavin səviyyəsində Azərbaycana qarşı iftiralar atılıb, təhdid və təzyiq üslubundan istifadə edərək şantaj etməyə çalışıblar. Məhz Dövlət Departamentinin də koordinasiyası nəticəsində COP29 ərəfəsində bir sıra beynəlxalq təşkilatların dili ilə Azərbaycana qarşı təzyiq etməyə çalışdılar. Bundan əlavə 60-a yaxın konqresmen də dövlət katibinə müraciət edərək Azərbaycana sanksiyaların tətbiq olunmasına çağırış etdilər. O cümlədən Qarabağ ermənilərinin geri qaytarılması məsələsini gündəmdə tutaraq Azərbaycana sanksiya tətbiq etmək istənildi. Bundan əlavə Bakıda saxlanılan hərbi cinayətkarların azad edilməsi tələb olundu ki, bunlar Azərbaycan üçün qəbuledilməz tələblərdir. Məhz bu səbəbdən də Azərbaycan Milli Məclisinin bir qrup üzvü Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edərək Amerika-Azərbaycan münasibətlərinə təkrar baxmağı təklif etdilər. Xüsusilə də USAİD-in Azərbaycanda fəaliyyəti ilə bağlı məsələnin xüsusi diqqətdə saxlanması istənildi".
Zeynəb Rzayeva