Bakıda İqlim Fəaliyyəti Həftəsinin ikinci günü başa çatıb
1 Oktyabr 20:07 SiyasətBakıda iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransın ikinci günü keçirilib.
Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində Bakıda ilk dəfə keçirilib.
Bu tədbir noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayıb.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta biznes müəssisələri" və "yaşıl bacarıqlar"dır.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr ediləcək. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələr diqqət mərkəzində olacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil edilir.
Ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev bildirib ki, iqlim dəyişikliyi su və qida resurslarına ciddi təsir edir. Su resurslarının azalması bir sıra xəstəliklərə gətirib çıxarır.
Nazir qeyd edib ki, artıq iqlim dəyişikliyinin kənd təsərrüfatı üzərində təsirini görürük.
"Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının önəmli hissəsini təşkil edir. Son illər yağıntıların az olması qida toplanışını 10 faiz azaldıb. Xəzərdə də su səviyyəsi azalıb və bu sahilyanı zonaya ciddi təsir göstərir. Biz tədbir görməsək bu fəsadlar artacaq. Qlobal temperatur artıq iki milyon insanın yerdəyişməsinə səbəb ola bilər. Daha çox araştırmağa və yeni sistemlərə ehtiyac var", - deyə M.Babayev bildirib.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş elmi işçisi İsmahane Elouafi bildirib ki, Azərbaycan iqlim dəyişikliyi gündəliyi və mübarizədə öndə gələn ölkələrdəndir.
O qeyd edib ki, Azərbaycan da iqlim dəyişikliyi ilə bağlı bir sıra problemlərlə üzləşir.
"Su çatışmazlığı dünyada 2050-ci ilə qədər daha da kəskinləşəcək. İqlim dəyişikliyi artıq qlobal səviyyədə su dairələrinin dəyişməsi ilə nəticələnib və bir çox yerlərə su çatmır. Kənd təsərrüfatında ədalətli su keçidləri nəzərə alınmalıdır.
Kənd təsərrüfatı sahəsində araşdırmalarımız faktlara əsaslanmalıdır",- deyə o bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli qeyd edib ki, iqlim dəyişikliyi bizdən təcili tədbirlər tələb edir və hər kəsin həyatına təsir edir.
O qeyd edib ki, Azərbaycam iqlim dəyişikliyi ilə bağlı bir sıra fəsadlarla üzləşib.
"Kənd təsərrüfatı da zərər görən sahələrdən biridir. Bu sahə bizim sağ qalmağımızı təmin edir. Biz gələcəyə hazır cəmiyyər qurmaq istəyiriksə torpağın sağlamlığını təmin etməliyik. Davamlı su ehtiyyatları qıtlığı yaranır.
Su resurslarının idarə olunması çox vacibdir. Bəzi çətinliklər su qıtlığı ilə bağlıdır. İqlim dəyişikliyində tempraturun artması yağıntıların dinamikasına təsir göstərir. Biz təxminən hər il 12 milyon kubmetr sudan istifadə edirik. Necə etməliyik ki, su qıtlığının qarşısını alaq? Bu haqda düşünməliyik",- deyə o bildirib.
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, kənd təsərrüfatının iqlim dəyişmələrinə qarşı davamlılığının artırılması "Harmonia" adlı yeni təşəbbüsün əsas məqsədlərindən biridir.
Nazir bildirib ki, "Harmonia" təşəbbüsü çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafı yerli və qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayacaq.
Onun sözlərinə görə, bu təşəbbüsün əsas məqsədlərindən biri kənd icmalarının imkanlarını genişləndirmək və onların iqlim dəyişikliyinə qarşı davamlılığını artırmaqdır.
"Kənd təsərrüfatı sektoru iqlim dəyişikliyinin birbaşa təsir etdiyi və təhlükə altında olan sahələrdən biridir. Lakin biz bu problemləri təhlükə kimi qəbul etmirik, əksinə, onları gələcək nəsillər üçün daha davamlı, səmərəli və müasir kənd təsərrüfatı sistemlərinin yaradılması üçün fürsət kimi qiymətləndiririk.
İnnovativ yanaşma və müasir texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə həlledici rol oynayır. Bununla əlaqədar olaraq, Azərbaycan öz suvarma sistemlərini müasirləşdirir, fermerlər üçün suyun daha səmərəli istifadəsi imkanlarını yaradır və bərpa olunan enerji mənbələrinə sərmayə qoyur", - o, əlavə edib.
COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli lideri (UN Climate Change High-Level Champion) Nigar Arpadarai bildirib ki, Azərbaycan COP29-da fermerlər üçün "Harmonia" adlı təşəbbüsünü təqdim edəcək.
"Biz COP29 Konfransında fermerlər üçün Bakı İqlim Təşəbbüsü olan "Harmonia"nı təqdim edəcəyik. Bu təşəbbüs iqlim dəyişikliyi şəraitində fermerləri, kəndləri və icmaları dəstəkləməyə yönəlmiş müxtəlif layihələri birləşdirəcək. O, həmçinin bu icmalara maliyyələşdirmə və digər yardımların alınması ilə bağlı tövsiyələr hazırlamağa imkan verəcək", - o vurğulayıb.
COP29 Prezidentliyinin Fəaliyyət Gündəliyi, Su ilə bağlı mərkəzin nümayəndəsi Kəmalə Hüseynli Abışova qeyd edib ki, Yer kürəsində su ehtiyatlarının həcmi getdikcə azalır.
O qeyd edib ki, su ehtiyatlarının azalmasının qarşısını almaq üçün tədbirlər görülməlidir.
"COP29 Prezidentliyi su məsələsini gündəliyinə daxil edib. Məqsəd sırf su mövzusunda davamlı dialoqu təşviq etməkdir. Günbəgün Xəzər dənizinin suyunun azalmasının şahidi oluruq. Bu isə kifayət qədər narahatedici məsələdir.
Su ilə əlaqədar səsinizi ucaltmalıyıq. COP29 bunun üçün uğurlu bir platforma olacaq. Su uzun müddətdir birbaşa kənd təsərrüfatı ilə əlaqələndirilir. Lakin su biomüxtəlifliklə də bağlıdır", - deyə o bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət İdarəsinin rəisi Firidun Tağıyev qeyd edib ki, Azərbaycanın torpaqlarının böyük qismi suvarılan torpaqlardır. Bunun üçün də su ehtiyatları kifayət qədər olmalıdır.
O bildirib ki, Azərbaycan su böhranı ilə üzbəüz olan ölkələrdəndir.
"Mövcud suyumuzu daha səmərəli istifadə etməliyik. Kənd təsərrüfatı sektoru su istehlakının böyük qismini özündə ehtiva edir. Bizi bəzən buna görə ittiham edirlər ki, bu sektor su ehtiyyatlarını tükədir. Amma dünyanın hər yerində belədir. Hər bir kəs kənd təsərrüfatında istehlak olunan suya cavabdehdir. Bu səbəbdən sudan məqsədyönlü şəkildə istifadə etməliyik.
Azərbaycanın torpaq resursları məhduddur. Kənd təsərrüfatının təməlində idarə olunan suvarma sistemi dayanır. Bizim gələcəklə bağlı proqnozlarımız nikbin deyil. Zamanla daha pis vəziyyətə doğru gedirik. Buna səbəb iqlim dəyişikliyi, təbii resursların azalması və insan sayının artmasıdır", - deyə o bildirib.
SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirilib ki, dünya enerji şəbəkələrinin əhəmiyyətli dərəcədə yenilənməsinə ehtiyac duyur.
"Bütün dünya enerji şəbəkələrinin əhəmiyyətli dərəcədə yenilənməsinə ehtiyac duyur. Şəbəkə enerji saxlama və istehsalın avtomatlaşdırılmış idarəetmə sistemləri üçün daha sürətli həllər tələb edir. Prioritet dispetçerlik üçün müəyyən texnologiyalar, proqram təminatı və müvafiq bacarıqlar lazımdır. Əlavə təhsil resursları və ya onların kombinasiyası tələb olunur. Buna görə də dünya miqyasında şəbəkələrin müasirləşdirilməsi üçün böyük tələbat var ki, bu da, mənim fikrimcə, nəhəng bir fürsətdir", - o vurğulayıb.
Ə.İsayev Azərbaycanın "yaşıl" elektrik enerjisini Avropa bazarlarına göndərməyə imkan verəcək koridorun araşdırılmasına yönəlmiş əhəmiyyətli səylərin olduğunu qeyd edib.
İslam İnkişaf Bankının dayanıqlıq və iqlim dəyişmələri departamentinin direktoru Seyid Hüseyn Kvadri bildirib ki, keçən il Çoxtərəfli İnkişaf Bankları (ÇİB) dünya üzrə iqlim maliyyələşdirilməsi üçün rekord - 125 milyard ABŞ dolları ayırıb.
"Ondan 25 milyard dollar iqlim dəyişmələrinə uyğunlaşma üçün ayrılıb", - o qeyd edib.
Onun sözlərinə görə, ÇİB maliyyələşdirmədə su resurslarının daha səmərəli idarə edilməsinə yönəlmiş layihələrə, quraq bölgələrdə suyun səmərəli istifadəsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqət yetirir.
"İkinci istiqamət davamlı kənd təsərrüfatının, o cümlədən, davamlı kənd təsərrüfatının inkişafını təşviq edən layihələrin dəstəklənməsidir. Nəhayət, üçüncü prioritet istiqamət isə təbii fəlakət risklərini azaltmaq üçün erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsidir", - o vurğulayıb.
Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, uğurlu "yaşıl" keçid üçün yeni bacarıqlar inkişaf etdirmək lazımdır.
"Yaşıl" enerji keçidi bizim üçün bir sıra məşğulluqla bağlı suallar irəli sürür. Çünki hər bir dəyişiklik həm faydalar, həm də itkilər gətirir. Bu, "yaşıl" keçidin meydana gətirdiyi əsas problemlərdən biridir. Nəticədə, "yaşıl" transformasiyadan daha çox itirənlər var, nəinki qazananlar və məhz bu, prosesin yavaşlamasının açar amillərindən biridir. Məsələn, neft, təbii qaz və kömür kimi karbonhidrogenlərin istifadəsindən imtina etdikcə, bir çox əsas sənaye sahələri diqqətdən kənarda qala bilər. Yeni reallıqda bu sektorlardakı işçi qüvvəsi də tələbsiz qalacaq. Buna görə də bu insanlara yeni bacarıqlara yiyələnmək lazım olacaq", - E.Sultanov qeyd edib.
Onun sözlərinə görə, keçiddən zərər çəkə biləcək insanları prosesə daxil etməklə, onların inkişafını yavaşlatmamaq lazımdır.
Bakı Limanının Əməliyyatlar üzrə baş direktoru Eugene Seah qeyd edib ki, Xəzər dənizində su səviyyəsi getdikcə azalır. Bunun qarşısını almaq üçün yollar axtarmalıyıq.
O qeyd edib ki, artan temperatur bu regiona da təsirsiz ötüşmür.
"Eyni zamanda, Aral dənizi tamamilə quruyub, səhra olub. Bu isə su mənbələrinin azalması deməkdir. Biz bunun qarşısını almaq üçün nə edə bilərik? Biz çalışırıq ki, iqlim dəyişikliyi risklərini azaldaq. Bununla bağlı müəyyən tədbirlər həyata keçiririk.
Bu işə müxtəlif maraqlı tərəfləri cəlb edirik və karbon emissiyasını azaltmağa çalışırıq. Bərpaolunan enerjini təmin edən şirkətlərlə əməkdaşlıq edirik və o şirkətlərdən alternativ enerji mənbələri (günəş, külək panelləri - red.) alırıq", - deyə o bildirib.
Bakı Limanının Əməliyyatlar üzrə baş direktoru Eugene Seah bildirib ki, Xəzər dənizində su səviyyəsi getdikcə azalır. Bunun qarşısını almaq üçün yollar axtarmalıyıq.
O qeyd edib ki, artan temperatur bu regiona da təsirsiz ötüşmür.
"Eyni zamanda, Aral dənizi tamamilə quruyub, səhra olub. Bu isə su mənbələrinin azalması deməkdir. Biz bunun qarşısını almaq üçün nə edə bilərik? Biz çalışırıq ki, iqlim dəyişikliyi risklərini azaldaq. Bununla bağlı müəyyən tədbirlər həyata keçiririk.
Bu işə müxtəlif maraqlı tərəfləri cəlb edirik və karbon emissiyasını azaltmağa çalışırıq. Bərpaolunan enerjini təmin edən şirkətlərlə əməkdaşlıq edirik və o şirkətlərdən alternativ enerji mənbələri (günəş, külək panelləri - red.) alırıq", - deyə o bildirib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aidə Bədəlova deyib ki, ölkələrdə qurulan infrastrukturlar iqlim dəyişikliyinə dayanıqlı olmalıdır.
O qeyd edib ki, Azərbaycan karbon emissiyalarının azaldılmasına dair öhdəlik götürüb.
"Biz insanları dayanıqlı nəqliyyat vasitələrindən istifadəyə yönəldirik. Məqsədimiz şəxsi maşınların 30-40 faiz azaldılmasıdır. İnsanların ictimai nəqliyyatdan istifadə etməsini istəyirik. Yaxın 1-2 km məsafə üçün taksidən istifadəni məhdudlaşdırmağa çalışırıq.
Bundan başqa, biz smart texnologiyaların inteqrasiyası üzərində çalışırıq. Artıq 160-a yaxın elektriklə çalışan avtobus aldıq və yaxın günlərdə ölkəyə gətiriləcək. Bununla da ümid edirik ki, qarşımıza qoyduğumuz hədəflərə çatacağıq", - deyə o bildirib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı ixracatın əhəmiyyətli bir hissəsini təşkil edir.
"Hökumətin iqlim dəyişmələrinə qarşı dayanıqlığı artırmağa yönəlmiş "Harmoniya" təşəbbüsü COP29-da təqdim ediləcək 14 təşəbbüsdən biridir. Bu təşəbbüs böyük əhəmiyyətə malikdir, çünki kənd təsərrüfatı Azərbaycanın iqtisadiyyatında mühüm yer tutur və qeyri-neft sektorunun aparıcı sahələrindən biridir. Biz bu sektora xarici investisiyaların birbaşa cəlb edilməsinə və ekspertizanın inkişafına fəal şəkildə dəstək veririk. 2023-cü ildə kənd təsərrüfatının ÜDM-də payı təxminən 5% olub və bu sektorun məhsulları illik 1 milyard dollardan çox ixracatın əhəmiyyətli hissəsini təşkil edir", - o bildirib.
Tural Hacılı əlavə edib ki, kənd təsərrüfatı həm də karbon qazı tullantılarının böyük mənbəyidir və hazırkı maliyyələşdirmə və investisiya həcmləri zəruri dəyişikliklərin həyata keçirilməsi üçün kifayət deyil.
"Bununla əlaqədar daha çox addımlar atılmalıdır. Bugünkü tədbirə dəvət olunan şirkətlər artıq öz fəaliyyəti vasitəsilə karbon qazı tullantılarının azaldılmasına töhfə veriblər. AZPROMO və İqtisadiyyat Nazirliyi bu səylərə tam dəstək verməyə və şirkətlərimizə işlərinin bütün mərhələlərində kömək etməyə hazırdır", - o əlavə edib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ferqus Auld bildirib ki, Azərbaycan enerji sektorunun transformasiyasına qoşulan ilk ölkələrdəndir.
Səfir qeyd edib ki, kənd təsərrüfatı fəaliyyət hesabatı 17 dövlətin iştirakı ilə yaradılıb.
"Bu hesabatın məqsədi fermerlər üçün yaxşı şəraitin yaradılmasıdır. Bizə yaxşı məhsuldarlıq lazımdır ki, insanların yaşayışını təmin edək. Əvvəlki hesabatda müəlliflər məsələyə hərtərəfli baxıblar. Lakin belə qəliz məsələni həll etmək üçün ayrı-ayrı tapşırıqları qarşıya qoymalıyıq. Bunun üçün bizə yüksək səviyyəli siyasi iradə lazımdır", - deyə səfir əlavə edib.
IFC-nin investisiya üzrə mütəxəssisi Emil Məmmədli bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda fəaliyyətini genişləndirmək istəyir.
"IFC Azərbaycanın müstəqillik qazandığı andan etibarən ona dəstək göstərib, TANAP kimi əsas layihələrin həyata keçirilməsini və regional əlaqələrin inkişafı təşəbbüslərini dəstəkləyib. Bundan əlavə, biz yerli kiçik və orta müəssisələrə 50 milyon ABŞ dollarına qədər kreditlər verərək kömək etdik. Xüsusilə aqrobiznes sahəsində fermerlərin maliyyələşdirməyə çıxışını təmin etmək üçün hökumət ilə birgə aqro-sığorta proqramının tətbiqində dəstək verdik", - o qeyd edib.
E.Məmmədli əlavə edib ki, IFC Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir və hazırkı tədbir bu məsələləri müzakirə etmək üçün mükəmməl bir platformadır.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş əməliyyat inzibatçısı Yucin Si bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2035-ci ilə qədər sıfır emissiya səviyyəsinə çatmağı planlaşdırır.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2035-ci ilə qədər sıfır emissiya səviyyəsinə çatmağı qarşısına məqsəd qoyub. Biz tərəfdaşlarımız və müxtəlif maraqlı tərəflərin dəstəyi ilə bunu həyata keçirə biləcəyik", - o vurğulayıb.
Yucin Si Bakı limanının digər regional limanlarla fəal əməkdaşlıq etdiyini, informasiya mübadiləsi və yanacaq istifadəsində resurs itkilərinin azaldılması istiqamətində iş apardığını qeyd edib. Bu, gəmilərin, yük avtomobillərinin və digər nəqliyyat vasitələrinin limana vaxtında çatdırılmasını təmin edəcək.