Ermənistan sülh prosesini yubatmaqda maraqlıdır- ÖZƏL

"Bu məsələ bir neçə vaxtdır ki, ölkə gündəmindədir. Azərbaycan qanuni olaraq Ermənistandan  öz konstitusiyasında və digər qanunverici aktlarında dəyişiklik etməsini tələb edir və bu, sülh üçün zəruri tələbdir". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Dünya praktikasında da tətbiq olunan bir haldır. Xatırlatmaq lazımdır ki, 1998-ci ildə imzalanmış Belfast sazişi irland münaqişəsini sonlandırdı. Bu sazişin maddələrindən birində deyilir ki, İrlandiya öz konstitusiyasında Şimali İrlandiyaya qarşı irəli sürdüyü ərazi iddiasından geri çəkilmək öhdəliyi götürür. Bu öhdəliyin geri götürülməsi o deməkdir ki, konstitusiyada dəyişiklik edir və  həmin ərazi iddiası maddəsi konstitusiyadan silinir. İrlandiya bu öhdəliyi öz üzərinə götürdü və daha sonra konstitusiyada dəyişiklik həyata keçirdi. Bundan əlavə uzun müddətdir ki, Yunanıstanla Şimali Makedoniya arasında Makedoniyanın adı ilə bağlı münaqişə var idi. Yunanıstan açıq-aşkar tələb irəli sürmüşdü ki, Makedoniyanın NATO-ya üzv olması üçün o, adını və buna müvafiq olaraq konstitusiyasını dəyişdirməlidir. Nəticədə də 2018-ci ildə Yunanıstanla Makedoniya arasında razılıq imzalandı və Makedoniya konstitusiyasına dəyişiklik etdi və buna əsasən adı Şimali Makedoniya oldu. Bu kimi hallar dünya praktikasında dəfələrlə olub. Azərbaycan da haqlı olaraq Ermənistandan öz konstitusiyasında dəyişiklik etməyi tələb edir. Ermənistanın müstəqillik haqqında bəyannaməsində istinad var ki, burada Ermənistanın niyyəti Qarabağı özünə birləşdirməkdir. Digər qanunverici aktlarda da bununla bağlı müddəalar var. Azərbaycanın tələbi hüquqidir və dünya praktikasında keçərlidir. Əgər Ermənistan bunu yerinə yetirərsə, bu, sülh prosesində böyük bir irəliləyiş deməkdir. Amma hal-hazırda Ermənistandan bununla bağlı lazımi adekvat tədbirlərin keçirildiyini görmürük. Düzdür, 2022-ci ildə Paşinyanın göstərişi ilə Konstitusiya İslahatları Şurası yaradıldı və ona təlimat verildi ki, 2026-cı ilə qədər bunun üzərində iş getsin. Bu, Azərbaycan üçün qaneedici bir addım deyil, çünki 2026-cı ilə hələ 2 il var. 2027-ci ildə konstitusiyada dəyişikliyin olub-olmamasına, Azərbaycanın istəklərinin nəzərə alınıb-alınmayacağına əmin ola bilmərik. Təəssürat yaranır ki, Ermənistan prosesi uzatmağa qəsdən meyl edir. Digər tərəfdən Ermənistanın intensiv şəkildə silahlanması, şərti sərhəddə təxribatlara əl atması onu göstərir ki, o, sülh prosesini yubatmaqda maraqlıdır. Ən son Paşinyanın 13 maddə ilə bağlı sülh sazişinin layihəsi imzalansın deyə verdiyi təklif absurd bir təklifdir. Geridə qalan maddələr də əhəmiyyətli maddələrdir və orada Azərbaycanın maraqları nəzərə alınır. Digər 3 maddənin sazişə əlavə edilməməsi Ermənistanın vaxtı uzatmaq ritorikasını bir daha sübut edir. Böyük ehtimal, Ermənistan prosesi o ümidlə uzadır ki, elə bir geosiyasi şərait yaranar ki, Ermənistanın maraqları xarici himayədarlarının köməyilə daha çox təmin olunar. Amma bu əbəsdir, çünki Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt vaz keçməyəcəkdir. Geosiyasi konyuktura necə dəyişir dəyişsin, biz öz milli maraqlarımızı heç bir halda fəda edəcək deyilik. Bu baxımdan Ermənistanın rasional addım atması və sülh prosesini sürətləndirməsi gərəkdir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31