Beynəlxalq Qırmızı Xaç Komitəsi xaça xidmət edən bir qurumdur - ÖZƏL
1 Sentyabr 2024 09:35 Siyasət"Beynəlxalq Qırmızı Xaç Komitəsi ümumiyyətlə, dövlətlərüstü bir qurumdur. Çox təəssüflər olsun ki, dünya dövlətləri bu qurumla bacara bilmirlər".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Əlbəttə ki, söhbət bütün dövlətlərdən getmir. Dünyada hökmranlıq edən dövlətlər bu və ya digər şəkildə bu qurumu idarə edir, ona təsir edir, yönəldir. Amma Azərbaycan kimi yeni demokratiyaları nisbətən kiçik, zəif dövlətlər isə o qurumla bacara bilmir. Faktiki olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi dünyada özünün hökmranlığını yeridir. Xatırlayırsınızsa, Qarabağ hələ Ermənistanın işğalı altında olanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidə bir ofisi var idi və o ofis Azərbaycan qanunvericiliyinə zidd olaraq İrəvanla işləyirdi. Yəni, İrəvandakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi ilə işini kordinə edirdi. Dəfələrlə Azərbaycan bu məsələnin üstünə getmişdi, onlara izah edilmişdi ki, siz Azərbaycan ərazisində işləyirsinizsə, işinizi Bakıyla Azərbaycan üzərindən kordinə etməlisiniz. Amma onlar bunu qulaq ardına vururdular. Hətta Qarabağ işğaldan azad edildikdən sonra Xankəndidə hələ də bölücü ermənilər qalmaqda ikən və torpaqlarımız, əslinə qalanda sərhədimiz tam olaraq bizim nəzarətimizdə ikən, yenə də Xankəndidəki Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi işini İrəvanla kordinə edirdi və bununla bağlı ona dəfələrlə etiraz edildi, çağırışlar edildi ki, onlar ya oradakı ofisi Bakı ilə kordinə eləsinlər, ya da ümumiyyətlə çıxıb getsinlər. Yenə də bunu qulaqardına vururdular və sonra səhv etmirəmsə, onlar Bərdəyə köçdülər. Artıq Qarabağda bölücü ermənilər qalmadıqdan sonra, yəni yenə də gərək olmadan o bölgədə fəaliyyət göstərməklə məşğuldurlar. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, bu qurum dövlətlərin, özəlliklə də yeni demokratiyaların maraq və mənafelərini nəzərə almadan öz bildiyini təkidlə etməyə çalışır. Bu gücü, bu dırnaqarası qüdrəti bunlar haradan alır? Əlbəttə ki, onların arxasında böyük güclər dayanır. Ona görə də bu qurum əslində Qırmızı Xaç Komitəsi adından da göründüyü kimi xaça xidmət edir. Yəni onlar humanitar məqsədlərlə qurulmuş bir təşkilat olduqlarını, ehtiyacı olanlara yardım etdiklərini filan deməsinlər. Adı üstündə Qırmızı Xaç Komitəsidir. Bu, yəni xaça qulluq edən bir komitədir və təbiidir ki, biz azərbaycanlılar da xaçpərəst olmadığımıza görə, bizim torpaqlarımızı işğal etmiş ermənilər isə xaç övladları olduğuna görə bu qurum onların tərəfindən çıxış edir. Yəni məsələ bu qədər aydın, açıqdır. Ona görə də mən düşünürəm ki, özəlliklə də müsəlman ölkələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin öz ərazilərində fəaliyyətini yasaqlamalıdır. Yəni bizim beynəlxalq Qızıl Aypara cəmiyyətimiz var. O cəmiyyət gərəkli yardımları, humanitar yardımlar edir. Niyə xaçın kölgəsinə sığınanlar gəlib müsəlmanlara yardım etdikləri görüntüsü yaratmalı və burada öz başqa məqsədlərini həyata keçirməlidirlər? Məncə, artıq müsəlman ölkələri, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr bu məsələni ən yüksək səviyyədə müzakirəyə çıxarmalı və o xaçın işığına, kölgəsinə, yaxud nəyinəsə sığınmış qurumun İslam ölkələri ərazisində, müsəlman ölkələri ərazisində fəaliyyəti əngəllənməlidir. Yəni zəhmət çəksinlər, çıxsınlar, getsinlər. Çünki onlar neytral ola bilmirlər, tərəf tuturlar və bu tərəf tutma da bir qayda olaraq xaçpərəstlərdən yana olur".