Paşinyan regional həqiqətləri təhrif edir
1 Sentyabr 2024 09:33 SiyasətBaş nazirin manipuliativ açıqlamaları nə məqsəd daşıyır?
Ermənistan bütün vasitələrdən istifadə edərək regional münaqişəni uzatmaq yolu tutub. Sürüşkən siyasət yürüdən Ermənistan hakimiyyəti özünə çətir axtarışına çıxıb. Dövlət maraqlarını xarici havadarlarına satan iqtidar öz hamisinin diktəsini təmin edir. Vaxtilə dünya ölkələrini aldatmaq ənənəsini davam etdirən Paşinyan iqtidarı indi də xalqı yalan vədlərlə uçuruma sürükləyir. Məsələ orasındadır ki, ölkəmizə qarşı ittihamlar revanşist qüvvələr, siyasi institutlar, vətəndaş cəmiyyətləri deyil, birbaşa Baş nazir tərəfindən irəli sürülür. Əslində Paşinyan söylədiyi ağ yalanlarla "iki quşu bir güllə ilə vurmaq" niyyəti güdür. Paşinyan sərsəm açıqlamaları ilə həm erməni xalqını ələ almaq, həm də Azərbaycanla müttəfiqləri arasındakı münasibətləri korlamaq istəyindədir. Məsələn, Paşinyan bildirib ki, guya Azərbaycan İtaliyadan çoxsaylı hərbi sursat alıb. Lakin dövləti təmsil edən bir şəxs bilməmiş deyil ki, hərbi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq dövlətlərarası müqavilə ilə həyata keçirilir. Belə sənədlər isə ictimaiyyətə, eləcə də mediaya açıq olur. Belə halda hansı məxfi sövdələşmədən söhbət gedə bilər? Azərbaycan və İtaliya ilə əldə olunmuş razılaşmaya əsasən, bu ölkədən nəqliyyat xarakterli təyyarə alınıb ki, bundan da hərbi məqsədlər üçün istifadə etmək qeyri-mümkündür. Deməli, Paşinyanın Azərbaycanın guya İtaliyadan silah-sursat alması barədə iddiaları yalandır. Amma Ermənistan Fransadan, ABŞ-dan, Hindistandan və digər ölkələrdən öldürücü silahlar alır. Hansı ki, Ermənistan 44 günlük müharibədə kapituliyasiya aktına imza atmış bir ölkədir və onun hərbiləşməsinə qətiyyən ehtiyac yoxdur.
Başqa bir misal - Paşinyan yalandan deyir ki, guya Azərbaycan ÜDM-in 17 faizini hərbi məqsədlərə xərcləyir. Lakin beynəlxalq maliyyə qurumlarının rəsmi açıqlamalarına görə, Azərbaycanda bu rəqəm 4 faiz ətrafındadır, Ermənistanda isə bundan xeyli artıqdır. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir ki, onun da hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusudur. Faktdır ki, Ermənistanın himayədarları təmənnasız olaraq bu ölkəyə milyonlarla manat dəyəri olan hərbi texnika hədiyyə edib və indi də bu proses davam etməkdədir. 44 günlük Vətən müharibəsində şahidi olduq ki, iqtisadiyyatı tənəzzülə uğramış kasıb bir ölkə nə qədər silah-sursata malikdir.
Yaxud, Paşinyan deyir ki, Azərbaycan silahlandığı halda Ermənistan bunu niyə etməməlidir. Paradoks ondadır ki, sözügedən məsləyə Azərbaycanla Ermənistan tamamilə fərqli yanaşır. Ermənistan işğalçı dövlətdir və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb. İkinci dünya müharibəsindən sonra az sayda dövlət var ki, digər ölkənin ərazisinə təcavüz edib, onlardan biri də məhz Ermənistandır. Ermənistan hərbi potensialını inkişaf etdirirsə, sonradan bunu istifadə etməyəcəyinə zəmanət yoxdur. Buna görə də, Ermənistanın hərbi vasitələr əldə etməsinin üzərində hansısa nəzarət mexanizmi olmalıdır. Ermənistanı silahlandıran ölkələr də buna görə məsuliyyət daşıyırlar. Azərbaycan isə əksinə, heç bir ölkənin ərazisinə müdaxilə etməyib, heç bir ölkənin torpağını işğal etməyib. Üstəlik regionda sülh və əminamanlığın tərəfdarıdır, qonşu dövlətlərlə dinc-yanaşı yaşamaq prinsipinə sadiqdir.
Paşinyanın Azərbaycan Konstitusiyası ilə bağlı iddiaları ağ yalandır. Azərbaycanın heç kimə qarşı ərazi iddiası yoxdur. Paşinyanın dediklərinin heç bir hüquqi əsası yoxdur və aydın görünür ki, Ermənistan manipulyativ metodlardan istifadə edir. Ermənistanın Konstitusiyası miatsumu erməni xalqı qarşısında hədəf kimi müəyyən edir. Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruriliyini deyəndə onu nəzərdə tutur ki, erməni xalqı referendum vasitəsilə miatsum məsələsinə son qoymalıdır və Qarabağ məsələsinin birdəfəlik bitdiyini qəbul etməlidir.
Paşinyanın ATƏT-in Minsk Qrupunun ləğv edilməməsi ilə bağlı iddiaları isə açıq-aşkar manipulyativ xarakyer daşıyır. Məlum olduğu kimi Minsk Qrupu məsələsi artıq tarixin arxivinə qovuşub. Azərbaycan Prezidenti bunu dəfələrlə bəyan edib və dünən türkiyə nümayəndə heyətini qəbul edərkən bir daha səsləndirdi. O ki, qaldı Zəngəzur məsələsinə, məlumdur ki, Ermənistan 30 il Naxçıvanı blokada vəziyyətində saxlayıb. Paşinyan hakimiyyətə gəldikdən sonra da blokada davam edib. İndi Ermənistan öz maraqları çərçivəsində blokadanın açılmasından danışır ki, bu da riyakarlıqdan başqa bir şey deyil. Əvvəlcə Ermənistan xoş niyyət göstərməli, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında kommunikasiyanın açılmasına imkan yaratmalı, sonra isə digər nəqliyyat məsələlərinə baxıla bilər. Azərbaycan öz vətəndaşlarını Ermənistanın ümidinə buraxa bilməz, çünki Ermənistanın tarix boyu soydaşlarımıza qarşı münasibəti xoş olmayıb. Əlinə imkan düşən kimi azərbaycanlıları məhz türk olduğuna görə, məhv etmək imkanını əldən verməyib.
Alim Hüseynli