Sağlamlığı məntəqəyə gəlməyə imkan verməyən seçicilər üçün daşınan seçki qutuları ayrılıb - MSK katibi
30 Avqust 2024 16:22 SiyasətƏvvəlki seçkilərdə olduğu kimi, sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.
Olaylar xəbər verir ki, bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
O bildirib ki, səsvermə prosesində daşınmaz seçki qutuları ilə yanaşı, daşınan seçki qutularından da istifadə etmək qanunvericiliyin tələbidir:
"Seçki Məcəlləsinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müəyyən edilib. Sağlamlığı seçki məntəqəsinə gəlməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə komissiyasına müraciət edir. Məntəqə komissiyası ərizəyə baxdıqdan sonra qərar qəbul edir.
Səsvermə günü komissiyasının iki nümayəndəsinin iştirakı ilə daşınan seçki qutusu müraciət edən seçicinin ünvanına aparılır və səsvermə hüququ təmin olunur. Səsvermə prosesi başa çatdıqdan sonra ilk olaraq, daşınan seçki qutularındakı səslər sayılır, sonda ümumi səslərin üzərinə gəlinir. Hər şey qanuna uyğun hazırlanan müvafiq qaydalar çərçivəsində baş tutur".
MSK katibi qeyd edib ki, daşınan seçki qutularından istifadə etmək sağlamlıq məhudiyyəti olan seçicilərin səsvermə hüququnun təmin edilməsi ilə yanaşı, seçici aktivliyini də artırır:
"Heç bir seçici hansısa səbəbə görə səsvermə hüququndan məhrum olmur. Bu, səsvermə prosesinin qanunvericiliyə uyğun şəkildə təşkil edildiyinin nümunələrindən biridir".
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.