AB mülki müşahidə missiyası adı altında Ermənistana hərbi xarakterli qurum yerləşdirilib- ÖZƏL

"Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyası Qərbin Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək baxımından uydurduğu mexanizmlərdən biridir". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Bu mexanizmin sülh və humanitar mövzularda hər hansı fəaliyyəti mövcud deyil və ola da bilməz. Sadəcə Avropa Birliyi sülh mövzusunu imitasiya etməklə, siyasi manipulyasiyalar etməklə məşğuldur. Reallıqda Avropa Birliyinin Cənubi Qafqazda hərbi-siyasi maraqları var. Ona görə də mülki müşahidə missiyası adı altında Ermənistana hərbi xarakterli qurum yerləşdirilib. Onu Qərbin hərbi kəşfiyyat bazası hesab etmək olar. Avropa Birliyi mülki müşahidə missiyasının tərkibinə diqqət etdikdə onların əsas fəaliyyət istiqamətlərinin nədən ibarət olduğunu anlamaq olur. Çünki Avropa Birliyi mülki müşahidə missiyasının tərkibi tamamilə hərbi kəşfiyyat mütəxəssislərindən, agentura sisteminin peşəkarlarından ibarətdir. Onlar Ermənistan ərazisində yalnız və yalnız kəşfiyyat materialları toplamaqla bu bölgədə hərbi-siyasi situasiyanı gərginləşdirmək üçün zəmin hazırlamaq məqsədi güdürlər. Onların bundan başqa heç bir missiyası mövcud deyil, ola da bilməz".

E.Xalidbəyli qeyd edir ki, Kanada ermənipərəst ölkədir və ermənipərəst, NATO-ya daxil olan ölkə kimi Ermənistana könüllü şəkildə bu missiyanın tərkibində iştirak etmək üçün özü müraciət edib, öz mütəxəssisini ora göndərib:

"Bununla həqiqətən də Avropa Birliyinin mülki müşahidə kəşfiyyat missiyası öz əhatə dairəsini nisbətən genişləndirərək NATO səviyyəsinə çıxarıb. Bu da gələcəkdə həmin kəşfiyyat qurumunun NATO qurumuna çevirilməsi üçün ilkin mərhələ hesab oluna bilər. Belə anlaşılır ki, AB Ermənistana bir tərəfdən silah-sursat, hərbi texnika almaq üçün sülh fondundaj maliyyə vəsaiti ayırır, digər tərəfdən də mülki müşahidə missiyasında yerləşdirdiyi hərbi kəşfiyyatçılar vasitəsiylə Azərbaycan, Rusiya, İran haqqında məlumatlar toplamaqla faktiki olaraq Cənubi Qafqazda həqiqətən də hibrit savaşın əsasını qoyub. Böyük ehtimalla avropalı kəşfiyyatçıların topladığı məlumatlardan ABŞ-nin Zəngəzurda yerləşdirdiyi qeyri-leqal hərbi bazanın hərbiçiləri də istifadə edirlər. Onların da bu barədə məlumatları olur, bu məlumatlardan faydalanırlar. Ümumilikdə isə avropalı kəşfiyyatçıların topladığı məlumatlar birbaşa NATO-ya göndərilir və NATO-nun Cənubi Qafqazla bağlı gələcək hədəfləri böyük ehtimalla məhz həmin məlumatların əsasında indidən planlaşdırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31