Zeynal Əmrəliyev: Ermənistan tərəfi kütləvi məzarlıqların siyahısını Azərbaycana verməlidir- ÖZƏL
30 Avqust 2024 13:52 Siyasət"Ermənistanın Azərbaycana təcavüzü nəticəsində xeyli insan itkin düşüb. Onların bir qisminin məzarları tapılsa da, bir qismininki tapılmır. Bu proses Azərbaycan üçün çox ağrılıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Başda Əli Nağıyev olmaqla Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu məsələ ilə bağlı çox gərgin fəaliyyət göstərir. Çox güclü iş qrafiki var. Həmin insanların məzarları böyük çətinliklərlə tapılır. Ermənistan tərəfi də bunları demir. Həmin insanların yaxınları 30 ildən çoxdu onların yollarını gözləyirlər. Biz həmin dəfn proseslərinə baxırıq, çox ağrılı keçir. Bunlar bir daha Ermənistanın nə qədər qeyri-insanı əməllər törətdiyinin göstəricididir. Çox təəssüflər olsun, Ermənistan tərəfi kütləvi məzarlıqların siyahısını Azərbaycana vermir. Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovla bağlı məsələ yenə də gündəmdədir, qaranlıq qalıb. Milli Qəhrəmanımızın cəsədi tapılmır. Bu barədə dəfələrlə Ermənistan tərəfinə də müraciət edilib. Ermənistanda bununla bağlı istintaq araşdırması getmir, hansısa köməklik göstərilmir. Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu gün bu haqda "X" hesabında paylaşım edib və bildirib ki, Ermənistan öz qeyri-insani mahiyyətini bir daha göstərir. Əgər qarşı tərəf Azərbaycanla sülh əldə etmək istəyirsə, digər məsələlərlə yanaşı kütləvi məzarlıqların yeri də Azərbaycana deyilməlidir. Hələ də tapılmayan insanlar var və bunların içində Milli Qəhrəmanımız Natiq Qasımov da var. Onların harada dəfn olunduğu deyilməlidir".