Oqtay Qasımov: Bu missiya da məhz hərbi kəşfiyyatla məşğuldur- ÖZƏL
30 Avqust 2024 13:21 Siyasət"Ermənistanda yerləşdirilən Aİ-nin mülki adlandırılan missiyası keçmiç polis və jandarmlardan təşkil olunduğu üçün onların əsas məqsədi heç də bölgədə sabitlik təmin etmək deyil. Əksinə, onlar gəldikləri gündən bəri qarşılarında qoyulan əsas vəzifə məhz kəşfiyyat məlumatlarının toplanması və Qərbin bölgədəki siyasətini həyata keçirmək üçün xüsusi rol oynamalarıdır".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"İki ili keçib ki, bu missiya Ermənistanda fəaliyyət göstərir. Bu müddətdə onların Ermənistanın etdiyi təxribatlarla bağlı hansısa açıqlamanı, yaxud hesabatı görmədik. Əksinə, onlar öz davranışları ilə xüsusilə Azərbaycan sərhədlərinə gələrək "binokl diplomatiyası" həyata keçirməklə vəziyyəti gərginləşdirmək səyləri göstərirlər. Bu missiya Aİ-nin missiyası adlandırılsa da bu missiyaya Kanadada olan polislər də qoşulub. Bu artıq həmin missiyanın formatını ciddi şəkildə dəyişir və faktiki olaraq NATO-nun formatına çevrilir. Bu missiya da məhz hərbi kəşfiyyatla məşğuldur. Onların Zəngəzurda da, Qafanda da qərargahları var. Məhz bu qərargahlar vasitəsilə məlumatlat toplanılır və Brüsselə ötürülür. Qərb bu missiyadan bölgəyə yönəlik siyasətində istifadə edir. Onların fəaliyyəti də həm Azərbaycana, həm də Rusiyaya qarşı apardığı hibrid savaşın tərkib hissəsidir. Məhz Qərbin bölgədə yerləşməsinə yardım edəcək əsas alətlərdən biri də həmin missiyadır".
Zeynəb Rzayeva