Müstəqillik tariximizin dönüş nöqtəsi- ÖZƏL

"İnkaredilməz reallıqdır ki, hər bir ölkənin həyatında, hər bir xalqın taleyində həlledici rola malik mühüm dönüş nöqtələri olur. Azərbaycan üçün dönüş nöqtələrindən biri 1992-ci ildə xalqın istəyi, zamanın, dövrün tələbi ilə Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Həmin dönəmin reallıqları xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciətində öz əksini tapmışdı. Dahi şəxsiyyət bu müraciətə cavabında yaşanan problem və faciələrdən xilas yolunu göstərdi. Beləliklə, 21 noyabr 1992-ci ildə müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük missiya götürən Yeni Azərbaycan Partiyası yarandı". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib:
"Prezident İlham Əliyev YAP-ın tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında həmin dövrə diqqəti yönəldərək qeyd etmişdir: "Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox".
Cənab İlham Əliyevin bu fikirləri dünənimizin, bugünümüzün və gələcəyimizin aydın mənzərəsini təqdim edir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı oldu. Bütün bu reallıqlar 1 sentyabr - növbədənkənar parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki platformasında da öz əksini tapıb. Platformada qeyd edildiyi kimi, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması müasir dövlətçilik tariximizin dönüş nöqtəsi oldu. Müdrik dövlət xadiminin milli maraqlara, dövrün çağırışları və reallıqlarına uyğun siyasəti nəticəsində mərkəzdənqaçma meyillərinin - dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi təmin olundu. Siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi və ilk Konstitusiyanın ümumxalq səsverməsi - referendum əsasında qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması və digər addımlar plüralizmə əsaslanan siyasi sistemin bərqərar olmasına və Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinə təkan verdi".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31