Şvabe AŞPA-da Azərbaycana qarşı mövqe tutan böyük qüvvələrin irəli verdiyi bir fiqurdur - ÖZƏL

"Şvabenin  Azərbaycana münasibətdə belə mövqe tutması təsadüfi deyil. Bilirik ki, bu ilin yanvar ayında Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanla bağlı müzakirənin təşkil olunmasının təşkilatçılarından biri elə məhz Şvabe  olub".



Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Avropa Şurası Parlament Assambleyasında həmin müzakirələr məhz Şvabenin  təqdim etdiyi qərar layihəsi hesabat əsasında aparılıb. Biz bilirik ki, həmin müzakirə nəticəsində Azərbaycan nümayəndə heyətinin mandatı AŞPA-da tanınmayıb və Azərbaycan nümayəndə heyəti səsvermə hüququndan məhrum edilib. Əlbəttə, Şvabenin  təqdim etdiyi həmin hesabatın və qərar layihəsinin AŞPA-da belə mötəbər nəticə verməsi ona dəlalət eləyir ki, AŞPA-da  Şvabe tək hərəkət eləmir və Şvabeni   dəstəkləyən böyük qüvvələr var. Sadəcə, Şvabe  Avropa Şurasının Parlament Assambleyasında  Azərbaycana qarşı mövqe tutan böyük qüvvələrin irəliyə verdiyi bir fiqurdur. Elə bunun nəticəsidir ki, tək onun hesabatı layihəsi əsasında AŞPA  Azərbaycana qarşı yanvar ayında bu qətnaməni qəbul elədi. 
Bu gün də Şvabe  yenə də Azərbaycana qarşı fəaliyyətini davam etdirir və bütün bunlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonraya təsadüf etmiş hadisələrdir və aşkar görsənir ki, bu kimi faktlar məhz müharibədən sonra Azərbaycana təzyiqin gücləndirilməsi kontekstində baş verir. Baxmayaraq ki, bəzi ölkələr AŞPA-nın bu qərarına qarşı etirazını bildirdilər. Hətta bəzi  AŞPA üzvləri AŞPA rəhbərliyinə müraciət edərək Azərbaycanla bağlı qərarın dəyişdirilməsini tələb etdilər. O cümlədən, Macarıstan, Türkiyə. Amma hələ də bu məsələdə dəyişikliyin baş verməməsi sübut edir ki, Şvabe  kiçik bir fiqurdur və onun arxasında daha böyük və həlledici siyasi qüvvələr dayanır. Azərbaycanın ciddi etirazından sonra, hətta bəzi Avropa ölkələri Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin bərpası ilə bağlı müəyyən müsbət fikirlər səsləndirsələr də, vədlər versələr də, amma təəssüf ki, bu vədlər də özünü doğrultmadı. Elə bu fakt da bir daha sübut edir ki, AŞPA-nın  çıxartdığı anti-Azərbaycan qərarının arxasında çox böyük qüvvələr dayanır. Əlbəttə, bütün bunlardan çıxış yolu Azərbaycanın AŞPA-nın qəbul etdiyi bu qərarlarla bağlı öz obyektiv mövqeyini, prinsipial mövqeyini bildirməklə bərabər, məsələyə kompleks şəkildə yanaşmanı da tələb edir. Fikrimcə, Azərbaycan Avropa strukturları ilə münasibətlərinə yenidən baxmalıdır. Bunun artıq vaxtı gəlib çatıb. Götürəndə, Avropa strukturlarının böyük bir hissəsi müəyyən dövlətlərin təsiri altındadır və daim Azərbaycandan onlara zidd olan siyasət aparırlar. Belə şəraitdə Azərbaycanın bəzi Avropa strukturları ilə münasibətlərinin nəhayət ki, konkret olaraq yenidən nəzərdən keçirilməsinə ehtiyac əmələ gəlib. Bəlkə bundan sonra Avropa strukturlarının rəhbərləri, eləcə də AŞPA rəhbərliyi lazımi nəticəni çıxardar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31