Özbək investorları üçün Azərbaycanda sərmayə qoymaq faydalı olacaq- ÖZƏL
28 Avqust 2024 14:48 Siyasət"Prezident İlham Əliyev 23 avqust tarixində Özbəkistana rəsmi səfəri zamanı işgüzar dairələrinin nümayəndələri ilə görüşdə ölkəmizdə olan münbit investisiya mühitindən bəhs etdi. Ölkə başçısı bildirdi ki, indi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir".

"Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib:
"Özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq. Biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir. Ölkələrimiz arasında investisiya proqramları müəyyən olunmuş sahələrə sənaye, kənd təsərrüfatı, turizm və mehmanxana biznesi daxildir.
İşgüzar dairələrinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev biznes layihələrinə informasiya dəstəyinin vacibliyinə diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, həm Azərbaycanda, həm də Özbəkistanda baş verənlərlə bağlı və hansı böyük layihələrin reallaşdığı, biznes üçün necə imkanların olması barədə daha çox informasiya olmalıdır".
Alim Hüseynli
Olaylar.az