Erməni diasporunun alətinə çevrilənlər
28 Avqust 2024 12:08 Siyasət"Siyasi karyera"sını korrupsiyaya qurban verənlər niyə fəallaşıblar?
Dildə nemes dürüstlüyü, əməldə isə sürüşkən siyasəti ilə siyasi ortamı bulandıran Almaniyanın ikiüzlü siyasətindən əl çəkmək niyyətində olmadığı göz önündədir. "Kor tutduğunu buraxmaz" deyibən ortaya atılan Almaniya Bundesdaqının təmsilçiləri mütəmadi olaraq ölkəmizə qarşı qarayaxma kampaniyasının iştirakçısına çevriliblər. Nəzərə alsaq ki, Almaniyada erməni lobbisi digər Avropa ölkələrində olduğu qədər fəal, siyasi gündəmi idarə etmək gücündə deyil, onda bəlli olur ki, əlinə qamçı verilən Bundesdaq üzvləri sadəcə erməni diasporasının təsiri altına düşüblər. Onsuz da siyasi karyerası korlanan, xərcləməyə heç bir siyasi kapitalı qalmayan bu cür şəxslər maddiyyat səbəbindən erməni diasporası üçün siyasi alət vasitəsinə çevriliblər. Belə şəxslərdən biri də Almaniya Bundesdaqının üzvü, özünün Azərbaycanafobiya, türkafobiya fikirləri ilə tanınan və erməni lobbisinin dünya erməniçiliyinin əlində alət kimi ad çıxarmış Frank Şvabedir ki, yenə də ölkəmizə qarşı qarayaxma kampaniyasına start verib. Nəinki Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan həqiqətləri, ümumiyyətlə Cənubi Qafqazda baş verənlərdən belə xəbəri olmayan Frank Şvabe yalnız erməni mənbələrinin məlumatları əsasında sərsəmləyir. Ermənilərin sözünü deməklə özünə dolanışıq quran Frank əldə etdiyi çirkli pullar müqabilndə ölkəmiz, xalqımız, dövlətimiz barədə xoşagəlməz fikirlər səsləndirir. Məlum olduğu kimi Frank Şvabenin sayıqlamaları yeni deyil, o uzun illərdən bəri ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının fəal üzvlərindəndir. Onun xüsusən son zamanlar qarayaxma kampaniyasında daha aktiv iştirak etməsi deməyə əsas verir ki, dünyada baş verən iqtisadi təlatümlər fonunda Frank özünün maliyyə təminatını sığortalamaq niyyətindədir. Siyasi baxımdan isə Azərbaycanın 2020-ci ildə, 44 günlük Vətən müharibəsindən sonra əldə etdyi möhtəşəm zəfər, yeni-yeni uğurlar, 2023-cü ilin sentyabrında ölkəmizin bütün ərazilərində suverenliyimizin tam bərpa edilməsi antiAzərbaycan qüvvələrin yuxusunu ərşə çəkib. Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dünyada mövcud problemlərin həlli məqsədilə yeni-yeni ideya və təşəbbüslərlə çıxış etməsi, ölkəmizin qlobal problemlərin həll edildiyi məkana çevrilməsi heç şübhəsiz ki, qara qüvvələrin narahatçılığına səbəb olub. Amma, birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycan dünyada sülh və əminamanlığın, qonşu dövlətlərlə dinc-yanaşı yaşamağın, dünya dövlətləri ilə ikitərəfli, bərabərhüquqlu əməkdaşlığın tərəfdarı olduğundan onun əldə etdiyi uğurlardan narahatçılığa dəməz. Xüsusən, Azərbaycan dəfələrlə bəyan edib ki, heç bir dövlətin torpağında gözü yoxdur, heç bir dövlətə qarşı torpaq iddiası ilə çıxış etmir.
Bütün sadalananlara baxmayaraq, faktdır ki, Azərbaycanda keçirilən istənilən beynəlxalq tədbir öncəsi qara qvvələrin fəallaşması müşahidə olunur. Hazırda da Azərbaycan hərbi, diplomatik və qlobal səviyyədə önəmli nəticələr əldə edib və bir neçə aydan sonra ölkəmizdə COP-29 kimi mötəbər beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur. Məhz belə bir beynəlxalq tədbirin başlanması ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyasının aktivləşməsi heç də təəccüblü deyil. Məlumdur ki, erməni disporasının təsiri altında ölkəmizə qarşı birləşmiş Avropa koalisiyası ölkəmizdə keçirilən belə nüfuzlu tədbirin mühüm nəticələrini şübhə altına almaq üçün əlindən gələni əsirgəmir. Hətta Frank Şvabe kimi korrupsiyaya bulaşmış şəxsdən alət kimi istifadə edirlər. Yeri gəlmişkən qeyd edək ki, Şvabenin özü korrupsiyaya bulaşmış şəxs kimi tanınır, təmsil olunduğu partiyanın nümayəndələri isə müxtəlif ölkələrin xəfiyyələrinə işləməkdə ad çıxarıblar. Məsələn, Şröder bu günə qədər də "Qazprom"da təmsil olunur. Görəsən, Şvabe bu barədə niyə danışmır? Angela Merkelin isə uzun müddətdir SSRİ "KQB"-sinin agent şəbəkəsində olduğu danılmaz fakta çevrilib.
Şvabenin də uzun illər Azərbaycana qarşı həyata keçirdiyi qərəzli fəaliyyət onun kimliyini tam mahiyyəti ilə ortaya qoyur. O, erməni lobbisinin əlində açıq şəkldə istifadə olunan kart kimi daim Türkiyə və Azərbaycana qarşı xüsusi canfəşanlıqlar göstərib. Şvabe "məşhur" islamafob, türkafob, Azərbaycanafob kimi rol oynamağı üzərinə götürüb. Onun siyasi "karyerasına" gəldikdə qeyd etmək olar ki, Almaniyanın müvafiq ərazisindən seçilməsinə baxmayaraq o, daha çox erməni lobbisinin və erməniçiliyin maraqlarına xidmət etməkdədir. Bu halda belə bir sual yaranır: Nədən Almaniya Bundesdaqının üzvü seçildiyi ərazinin problemlərindən, seçicilərinin maraqlarından çıxış etmək əvəzinə başını siyasətə qoşub ölkəmiz barədə hədyanlar səsləndirir? Görəsən doğrudanmı Cənubi Qafqazda baş verənlər cənab Şvabeni belə çox narahat edir, yoxsa hesablara köçürülən vəsaitlər onu sayıqlamağa sövq edir? Əslində Şvabenin bu hərəkəti təkcə Azərbaycana qarşı deyil, həm də ölkəsinin yürütdüyü xarici siyasətə ziddir. Görünür, Almaniya kansleri Şoltsun Prezident İlham Əliyev qarşı münasibəti, o cümlədən Londondakı son görüşü Şvabe və onun ağalarını ciddi narahat edir.
Lakin ortalıqda bir əlahəzrət ədalət var ki, Şvabe və onun himayədarları onu ört-basdır etmək gücündə deyillər. Şvabe kimi korrupsioner siyasətbazların nə qədər artıb törəməsinə, erməni lobbisinin nə qədər dəridən-qabıqdan çıxmasına baxmayaraq Azərbaycanın yanından yel olub keçə bilməyəcəklər. Artıq Azərbaycan yürütdüyü xarici siyasəti ilə dünyanın güc mərkəzlərinin diqqətini cəlb edə bilib, irəli sürdüyü təşəbbüsləri ilə qlobal beynəlxalq problemlərin həll edildiyi məkana çevrilib. Belə bir halda Frank Şvabe də daxil olmaqla erməni diasporunun ölkəmizə qarşı irəli sürdüyü qarayaxmalar olduqca cılız görsənir.
Alim Hüseynli