Qarabağın hava limanları iqtisadi inkişaf üçün əhəmiyyətli rol oynadı- ÖZƏL
27 Avqust 2024 13:09 Siyasət"Qarabağımızın və Şərqi Zəngəzurumuzun hava qapılarının qısa müddətdə dünyaya açılması iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynadı. Bu mühüm addım həmin ərazilərimizin strateji əhəmiyyətinə də işıq saldı".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib:
"Azad edilmiş torpaqlarımızda üç beynəlxalq hava limanının inşası nəzərdə tutulurdu. Artıq onlardan ikisi - Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib, Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir. Onun cari ilin sonu, 2025-ci ilin əvvəli üçün istifadəyə verilməsi planlaşdırılır. Bu qısa dövrdə dörd şəhərə və dörd kəndə soydaşlarımızın qayıdışı görülən işlərin aydın mənzərəsini yaradır. Qürurvericidir ki, sakinlərinə qovuşan şəhərlərimiz sırasında Şuşa və Xocalı da var. Bu ilin sentyabr ayında isə Xankəndi şəhərinə köç başlayacaq. Suverenliyimizin bərpasından keçən az müddətdə belə genişmiqyaslı işlərin görülməsi, soydaşlarımızın yüksək rifah şəraitində yaşayışı üçün zəruri imkanların yaradılması dövlətimizin qüdrətini, Azərbaycan xalqının necə qurucu, öz torpaqlarına sahib çıxan xalq olduğunu nümayiş etdirir".
Alim Hüseynli
Olaylar.az