Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan tarixində rol model effekti yaratdı- ÖZƏL
26 Avqust 2024 12:43 Siyasət"Qadınların siyasi iştirakçılığı və liderliyi son zamanlar elmi və publisistik nəşrlərin müraciət etdiyi əsas mövzulardan biridir. Azərbaycan elmi və ədəbiyyatı da bu tendensiyalardan kənar qalmır. İlk növbədə ona görə ki, Şərq aləmində cəmiyyətdə qadının önəmi haqqında da Azərbaycan öncüldür. Tarix boyu Azərbaycanın siyasi, ictimai, sosial, mədəni həyatında yaxından iştirak edən qadınlarımız kifayət qədərdir".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Müasir Azərbaycan tarixinin səhifələrinə nəzər yetirdiyimiz zaman bu amil Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı ilə birbaşa bağlıdır. Məhz Mehriban xanım Əliyevanın nümunəvi fəaliyyəti qadınların siyasətdə liderliyini artırmaq üçün tədbirlər təklif edir. Dünyanın müxtəlif regionlarında qadınların siyasi iştirakı artsa da, qlobal tendensiyalardan geri qalır. Bu gün Azərbaycan qadını nəinki regional, qlobal tendensiyalardan da geri qalmır. İdarəçilik, parlament təmsilçiliyi, məhkəmə-hüquq sistemi olmaqla Azərbaycan qadını hakimiyyətin bütün qollarında həm təmsil olunur, həm də qərarların qəbul və tətbiq olunmasında dominant rola sahibdir. Azərbaycan qadınların siyasi liderliyini stimullaşdırmaq üçün yeni strategiyaları nəzərdən keçirir. Atılan addımlar qadınların hakimiyyətdə olması ideyasını və təcrübəsini normallaşdırmaqla qadınların rol modelinin vacibliyini vurğulayır. Dünya ilə müqayisə apardığımız zaman isə qeyd etməliyik ki, alt regionlar qadınların siyasi iştirakı ilə bağlı müxtəlif çətinliklərlə üzləşirlər. Məsələn, Şərqi və Şimal-Şərqi Asiya hazırda parlamentdə qadınların ən yüksək təmsilçiliyinə malik olduğu halda, dəyişiklik sürəti ən yavaş olmuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ümumbəşəri fəaliyyəti nəticəsində Azərbaycan bu dəyişiklik sürəti üzrə də yaxşı mənada fərqlənməyi bacarır. Fondun, onun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın rəhbərliyi altında "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan qadınının ünü okeanın o tayından, müxtəlif qitə və regionlardan eşidilirdi, Azərbaycan qadının harayı Azərbaycan həqiqətlərini duymazdan gələn qulaqlara uğultu salırdı. Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsi çərçivəsində bu səsin sülh göyərçinləri vasitəsilə dünyaya çatdırılmasına müvəffəq oldu. Məhz Mehriban xanım Əliyevanın müraciətləri xalqımızın sülhsevər imicini daha da bərkitdi. Mehriban xanım Əliyevanın fəaliyyətinin Azərbaycan tarixində rol model effekti yaratması sadəcə müasir dövrümüzün deyil, gələcək nəslin qadınlarının dövlət və özəl sektorda aktiv təmsilçiliyinə əhəmiyyətli dərəcədə təsir göstərir. Mehriban Əliyevanın fəaliyyətini fərqləndirən və xalq tərəfindən qəbul etdirən amil odur ki, bu fəaliyyət səmimiyyət, sadəlik, humanizm üzərində qurulub. Məhz bunun nəticəsidir ki, vitse prezidentlik institutu xalq tərəfindən dərhal rəğbət gördü. Məsələ həm də orasındadır ki, ölkəmizin ən əsas xanımının fəaliyyəti Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Mehriban xanım Əliyevanın rəhbərliyi və şəxsi nəzarəti altında Heydər Əliyev Fondunun sadəcə islam dünyasının dəyərlərinə deyil, həm də xristian, yəhudi dünyasının mədəni və tarixi incilərinə göstərilən dəyər bu fəaliyyətin ümumbəşəri olduğundan xəbər verir.
Azərbaycan dövləti və xalqı üçün bir məsələ son dərəcə həssasdır. Bu da istər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsi zamanı sinəsini çəkinmədən güllə önünə verən Azərbaycan oğulları, onların sosial durumları, ailə qayğıları, şəxsi problemləridir. Bu məsələdə də Mehriban xanım Əliyeva xalqımızın qəlbini yenidən fəth etməyi bacardı. Azərbaycan tarixində xalq tərəfindən "Fateh" ləqəbinə layiq görülən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyəti ilə həmahənglik yaratmaq, ən çətin situasiyalarda belə onu itirməmək, həm də şəxsi həyatda ömür-gün yoldaşı olaraq söykəniləcək ən güvənli çiyin təqdim etmək məhz Azərbaycan qadınının, məhz Mehriban xanım Əliyevanın zəngin ailə dəyərlərinə sahib olmasının nəticəsidir. Siyasi baxışından, sosial kateqoriyasından, yaşından, dilindən, dinindən asılı olmayaraq böyükdən-kiçiyə bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları Mehriban xanım Əliyevanın fəaliyyəti ilə qürur duyur".
Zeynəb Rzayeva