Yusif Bağırzadə: Azərbaycan-Özbəkistan əlaqələri bu gün də sürətlə inkişaf etdirilir- ÖZƏL

"Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə daha bir töhfə verdi. Hər kəs görür ki, Azərbaycanla Özbəkistan arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətləri gün keçdikcə güclənməkdə və məzmunca daha da zənginləşməkdədir. Bu da təbiidir, çünki Azərbaycan və Özbəkistan ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə malik olan iki dövlətdir". 

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Odur ki, xüsusilə də son illər Azərbaycanın Özbəkistanla əlaqələri və eləcə də bütövlükdə Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab Prezidentin Özbəkistana son səfəri də iki ölkə arasında olan münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir. İki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Milli maraqlara əsaslanan praqmatik siyasi xəttin tərəfdarı olan İlham Əliyev və Şavkat Mirziyoyev müasir dünyada inkişafa və tərəqqiyə yalnız qarşılıqlı faydalı əməkdaşlıqla, müttəfiqliklə nail olmağın mümkünlüyünü düzgün qiymətləndirir və bu istiqamətdə addımlar atırlar. Elə cənab prezidentin son iki il ərzində Özbəkistana beş dəfə səfər etməsi də iki ölkə arasında etibarlı münasibətlərin ən bariz göstəricisidir. 
Hər iki ölkə Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, BMT kimi beynəlxalq platformalarda əməkdaşlıq edirlər. Özbəkistan 44 Günlük Vətən Müharibəsindəki parlaq qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib.
Azərbaycan və Özbəkistanın dövlət başçıları iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verir. Bu da hər iki ölkənin iqtisadi inkişafına təkan verməklə yanaşı, regional inkişafı da stimullaşdırır. Ticarət sahəsində əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir. Ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon ABŞ dollarına yaxın olub. Bu ilin ilk 5 ayında isə bu göstərici təqribən 70 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə Özbəkistanın 90-dan çox şirkəti qeydiyyatdan keçib. Sənayeyə birgə investisiya qoyuluşu uğurlu əməkdaşlıq nümunələri yaradıb. Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox "Chevrolet" avtomobili istehsal olunub. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir. Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində uğurlu işbirliyi davam etdirilir. Regionlararası forumlar bu sahədə, eləcə də mədəni əlaqələrin daha da genişlənməsinə töhfə verir. Azərbaycan və Özbəkistanın nəqliyyat-tranzit sahəsində də böyük potensialı var.
İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. İki ölkənin şirkətləri - SOCAR və "Uzbekneftegaz" ASC Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər. 2024-cü ilin mayında imzalanmış Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu bu sahədə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir.
Beləliklə, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Mərkəzi Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına mühüm töhfələr verməkdədir. 
Prezidentin Özbəkistana son səfəri zamanı iki ölkə arasında 19 sənəd imzalandı. Şübhəsiz ki, bu sənədlər arasında "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" xüsusi yer tutur. Bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq olduğunu ortaya qoydu. Bu müqavilə bütün sahələri özündə əks etdirir, o cümlədən hərbi-təhlükəsizlik məsələlərini də nəzərdə tutur. Cənab Prezident İlham Əliyevin də dediyi kimi müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.
Şübhəsiz ki, müzakirə olunan mövzular və əldə olunan razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. O da qeyd edilməlidir ki, Prezidentin Özbəkistana səfəri iki tərəfli əlaqələrin inkişafına bundan sonra da mühüm töhfə verəcək. Eyni zamanda bu səfər Türk Dövlətləri Birliyi Təşkilatının inkişafına gətirib çıxaracaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31