Azərbaycanda da etnik azlıqlar var, amma biz onlara heç bir ayrı-seçkilik etmirik - ÖZƏL
22 Avqust 2024 17:53 Siyasət"Koloneolizmin bitməsinə baxmayaraq, təəssüf ki, dünyanın hələ də bəzi ölkələri var ki, buna daha çox Qərbi Avropa ölkələri, elə Fransa, Hollandiya bu məsələdə seçilir, bunların hələ də Avropa xaricində əraziləri var və onlar bu əraziləri öz ərazi bütövlüyü kimi görürlər".

Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Reallıq ondan ibarətdir ki, bu, açıq şəkildə müstəmləkəçilik və neokolonialist siyasətin bir parçasıdır. Xalqların öz müqəddəratını təyin etmək hüququndan bəhs edən Qərbi Avropa ölkələri təəssüf ki, bir çox hallarda bu hüququn tələb və normalarını pozurlar və bu pozmanı da belə desək, görməzdən gəlirlər.
Azərbaycan neokolonializmə qarşı mübarizə aparan bir ölkədir. Xüsusilə Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada əvəzsizdir. Azərbaycan həm Fransa müstəmləkəçiliyinə, həm də Fransanın təmsil etdiyi digər ölkə müstəmləkəçiliyinə qarşı mübarizə aparır və bu mənada əslində Hollandiya müstəmləkəsinin Bakı Təşəbbüs Qrupuna müraciət etməsi bir daha həm qrupun fəaliyyətinin, həm də Azərbaycanın neokolonializmə qarşı mübarizəsinin əyani sübutudur.
Azərbaycan əslində bütün bu məsələləri həm də Qoşulmama Hərəkatı çərçivəsində dilə gətirir və nəzərə almaq lazımdır ki, Qoşulma Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatıdır. İllərdir əslində bu xalqların hüquqları tapdalanır, onlara ikinci sinif vətəndaşlıq göstərilir və təbii olaraq bunlar da öz müstəqilliyini elan etmək istəyirlər.
Bu mənada Azərbaycanın əslində yanaşması separatizmə dəstək yox, açıq şəkildə xalqların öz müqəddəratını təyin etməsi ilə bağlıdır. Yəni burada çox sadə bir izah var. Əgər bir etnik azlıq ölkə ərazisində yaşayırsa, onlara qarşı mədəni, təhsil, siyasi, iqtisadi sahədə xüsusi bir diskriminasiya və yaxud da ayrı-seçkilik edilmirsə, assimilyasiya siyasəti yeridilmirsə, onlar, belə desək, buna rəğmən müstəqillik arzulayırsa, bu separatizmdir. Amma ikinci sinif vətəndaşlıq görürlərsə, əsas etnik çoxluğun hüquqlarından məhrumdurlarsa, milli-mənəvi dəyərlərini qoruya bilmirlərsə, din mədəniyyətlərini tədricən itirirlərsə, artıq burada bu zaman həmin etnik azlıq öz müqəddəratını təyin edə bilər. Azərbaycanın fəaliyyəti də məhz bu tipli etnik azlıqların hüquqlarının qorunmasına yönəlib. Müqayisə üçün deyək ki, Azərbaycanda da etnik azlıqlar var, amma biz onlara heç bir ayrı-seçkilik etmirik, əksinə, onların mədəniyyətini öz mədəniyyətimizin bir parçası sayırıq. Hətta deyə bilərik ki, erməni mədəniyyətini biz Azərbaycan mədəniyyətinin bir parçası olaraq sayıq və təsadüfi deyil ki, Qarabağda ermənilərdən qalan abidələrin bir çoxu dağıdılmadı, əksinə, restavrasiya edilərək fəaliyyətlərini davam edirlər. Bu mənada, Azərbaycanın özünün etnik azlıqların hüquqlarını qoruyan bir dövlət kimi neokolonizmlə mübarizəsi leqal və dünya miqyasında misilsizdir".