Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf tarixi səmimi tellərlə bir-birinə bağlıdır- ÖZƏL

"2022-ci il dünya siyasətinə əhəmiyyətli dəyişikliklər gətirdi və baş verən hadisələr Avrasiyanın da inkişafına mühüm təsir göstərdi. Bu təsir fonunda Rusiya ilə ən uzun quru sərhədlərinə malik olmaqla kifayətlənməyib, eyni zamanda dərin iqtisadi və siyasi əlaqələrlə birləşən Mərkəzi Asiya dövlətləri çoxvektorlu diplomatiya prinsiplərdən istifadə edərək anti-Rusiya və anti-Çin oxunu Qərbin maraqları ilə balanslaşdırmaqla dünya nizamında da öz yerini yenidən nəzərdən keçirməyə başladı". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Bu istiqamətdə müsbət məqamlardan biri o oldu ki, Mərkəzi Asiya ölkələrinin artan birliyinə şahidlik etdik. Bu artan birlik Azərbaycanın Qarabağ zəfərindən sonra dünya siyasətində öz sözünü daha qətiyyətlə dediyi bir zamanla kəsişdi. Bu kəsişmə isə gələcəyə doğru öz tarixi kökləri üzərində inkişafı əsas götürdü. 
    Son zamanlar Özbəkistanla Azərbaycan arasında bəlkə də tarix boyu ən isti münasibətlərə şahidlik edirik. Bu məqamda onu qeyd edim ki, ölkənin rəqabət qabiliyyətini gücləndirməyin yollarından biri iqtisadi diplomatiya, o cümlədən birbaşa xarici investisiyaların cəlb edilməsi və beynəlxalq ticarətin inkişafına yönəlmiş siyasətdir. Özbəkistan və Azərbaycan məhz bu siyasətlə addımlayan dövlətlərdir. Bu baxımdandır ki, Özbəkistan və Azərbaycan Prezidentlərinin intensivləşən qarşılıqlı səfərləri böyük investisiya layihələrinin və ikitərəfli razılaşmaların əldə olunmasına gətirib çıxarıb. 
    Azərbaycan böyük nəqliyyat marşrutlarının tikintisini və diversifikasiyanı prioritet kimi müəyyənləşdirib. Mərkəzi Asiya dövlətləri də əsas nəqliyyat marşrutlarının sürətlə diversifikasiyasına çalışır, yeni tranzit marşrutlarının tikintisinə başlayıb. Mərkəzi Asiya dövlətləri Rusiyadan keçən əsas tranzit Şimal Dəhlizini tamamlamaq üçün yeni marşrutlar yaratmaq üzərində də işləyirlər. Şimal-Cənub Dəhlizinin Azərbaycan üçün də vacib əhəmiyyət kəsb etməsi baxışlarımızın daha da üst-üstə düşməsinə gətirib çıxartdı. 
    Azərbaycan-Özbəkistan münasibətləri həm qarşılıqlı surətdə, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edir. Sözügedən təsisat türk irsi çərçivəsində əməkdaşlığı gücləndirmək məqsədlərinə də xidmət edir. Azərbaycanla Özbəkistan arasında nəinki icra edilən layihələr, eyni zamanda can atılan təşəbbüslər əlaqələri dərinləşdirmək istəyini nümayiş etdirir.
    Diqqətçəkən məqam odur ki, son illər həm Özbəkistanda, həm də Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən xarici iqtisadi fəaliyyət sahəsində əsaslı dəyişikliklər həyata keçirilib, ölkədə əsaslı müsbət dəyişikliklər baş verib. Azərbaycan-Özbəkistan münasibətlərinin yaxınlaşması birbaşa xarici investisiyaların cəlb edilməsinə yetirilən xüsusi diqqətdən irəli gəlir.
    Azərbaycan sərt rəqabətdən uzaq, əməkdaşlıq fonunda dövlətin ixracyönümlülüyünü və infrastrukturunu əhəmiyyətli dərəcədə modernləşdirir, investisiya axınını yeni istiqamətlərə yönləndirir. Eyni dəst-xəttin Özbəkistan siyasətində də şahidiyik. Bütövlükdə, Mərkəzi Asiya dövlətlərinin hər biri davam edən gərginlik dövründə regiondaxili əməkdaşlığın vacibliyini daha da anladılar.
    Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf tarixi isə səmimi tellərlə bir-birinə bağlıdır. Ona görə ki, 2008-ci ildə BMT Baş Assambleyasında "Azərbaycanın işğal olumuş ərazilərindəki vəziyyət" adlı qətnamə qəbul edilərkən onun lehinə səs verən yeganə Mərkəzi Asiya dövləti məhz Özbəkistan idi. Eyni zamanda, sadəcə siyasi, iqtisadi sahədə deyil, mədəni, humanitar sahələrdə tarix boyu olan yaxınlığımız, bir-birimizin dilini heç bir vasitəsiz anlamağımız münasibətləri daha səmimi notlar üzərinə köçürür. Özbəkistanda böyük erməni icması yaşamasına baxmayaraq qarşılıqlı surətdə səfirliklərin fəaliyyət göstərməməsi, Qarabağın bərpasına göstərilən qardaş dəstəyi dövlətlərimiz qədər, cəmiyyətlərimizi də daha səmimi şəkildə yaxınlaşdırır. 
    Azərbaycan Prezideni cənab İlham Əliyevin Mərkəzi Asiyaya səfərləri, qarşılıqlı surətdə Mərkəzi Asiya dövlət başçılarının ölkəmizə səfərləri qədər Mərkəzi Asiya liderlərinin öz aralarında baş tutan intensiv görüşləri, ikitərəfli və çoxtərəfli qarşılıqlı əlaqələrin artması, Mərkəzi Asiyada daxili siyasətə diqqət ayrılması və tərəfdaşlıq şəbəkələrinin şaxələndirilməsi cəhdləri Mərkəzi Asiyanın artan əhəmiyyətindən xəbər verir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31