Oqtay Qasımov: Bütün hallarda ilin sonuna qədər savaş davam edəcək- ÖZƏL
22 Avqust 2024 17:17 Siyasət"Ukraynanın Rusiyanın Kursk vilayətinə hücumu cəbhənin həm şəklini, həm də vəziyyəti ciddi şəkildə dəyişdi. Belə ki, ilk dəfə olaraq döyüşlər Rusiya ərazisinə keçdi. Rusiya təbii ki, bu şərtlər altında Ukraynayla danışığa getməyəcək".
.jpg)
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Nəzərə alsaq ki, bir müddət öncə- Kursk hadisələrinə qədər Rusiya Ukraynanın masada oturmasında çox maraqlı idi. Çünki təşəbbüs Rusiyanın tərəfində idi və Rusiya diktə edən tərəf rolunda çıxış edirdi. Amma hazırki durumda Rusiya bu imkanları xeyli dərəcədə itirib. Yaxın zamanlarda Rusiya-Ukrayna arasında sülhlə bağlı hansısa danışıqların aparılacağını düşünmürəm. Təbii ki, bəzi humanitar məsələlərlə bağlı təmaslar olur və məhz bu təmasların nəticəsində hərbi əsirlər dəyişdirilir və digər tədbirlər həyata keçirilir. O ki qaldı bundan sonrakı vəziyyətin proqnozlaşdırılmasına, düşünürəm ki, Ukraynada savaş hələ bundan sonra da davam edəcək. Yəni, 2024-cü ildə savaş bitməyəcək. Bütün hallarda bu savaşın gedişatı da Amerikadakı seçkilərin nəticələri ilə çox əlaqəli olacaq. Əgər Bayden administrasiyasının varisi olan Harris qalib gələrsə, o zaman Baydenin siyasəti davam etdiriləcək. Əgər hakimiyyətə Tramp gələrsə, o zaman Ukrayna siyasətində müəyyən dəyişikliklər ola bilər. Hansı ki, Ukraynanın da ən çox narahat olduğu məqamlardan biri budur. Bütün hallarda ilin sonuna qədər savaş davam edəcək. Diqqət edirsinizsə, son dövrlər Ukrayna şəhərlərinə endirilən raket zərbələrinin intensivliyi də artır və Donbas istiqamətində də Rusiya ciddi cəhdlə Ukrayna mövqelərini yarmağa və irəliləməyə cəhd edir".
Zeynəb Rzayeva