Bakıda “Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları” mövzusunda tədbir keçirilib

Bakıda "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda tədbir keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Jalə Əhmədova məlumat verib: "Azərbaycan-Türkiyə İş adamları Birliyinin (ATİB) təşkil etdiyi "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda keçirilən müzakirələrdə iştirak etdim. Hyatt Regency hotelində baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, ATİB İdarə heyətinin sədri Mürsəl Rüstəmov, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) İdarə heyəti sədrinin müşaviri Elnur Əliyev, COP29 Əməliyyat Şirkətinin nümayəndəsi Kənan Hüseynov, TƏBİB tabeliyində Yeni Klinikanın direktoru Barat Yusubov, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə heyətinin sədri Nigar Ələsgərova, "Caspian Energy Club"un sədri Telman Əliyev,  "Birikim" Mühəndislik Ekologiya Turizm MMC-in Təsisçisi və Texniki meneceri Mete Bülbül və ATİB üzvü olan şirkətlərin nümayəndələri iştirak edirdi.
Tədbirdə çıxış edərək Milli Məclisin COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə bağlı gördüyü işlərdən, ölkənin iqlim dəyişmələrinin təsirlərinin  azaldılması və bu təsirlərə  uyğunlaşma strategiyalarının Dövlət Proqramlarında öz əksini tapmasından, 30 illik işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılması, "ağıllı şəhər və ağıllı kənd" layihələrinin icra olunmasından ətraflı şəkildə danışdım.
Onu da qeyd edim ki, tədbir bu ilin noyabrında Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "yaşıl" hədəflərin təşviqinə həsr olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31