Azərbaycan dünyanın müstəmləkəçilikdən əziyyət çəkən xalqlarına nəfəslik rolunu oynamağa başlayıb - ÖZƏL
22 Avqust 2024 16:25 Siyasət"Müstəmləkəçilik məsələsi uzun illərdir unudulmuşdu".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bir vaxtlar SSRİ mövcudkən Qərb ölkələrində, özəlliklə də aparıcı Qərb ölkələrində daha çox SSRİ-nin, yəni Rusiyanın müstəmləkəçiliyi üzərində diqqət cəmlənirdi və Rusiyanın cürbəcür xalqları istila etdiyi, onları zülm altında tutduğu təbliğatı aparılırdı. Sonra SSRİ dağıldı, bir müddət Rusiyanın bu davranışı ilə bağlı məsələlər arxa plana keçdi. Amma indi əlbəttə ki, dünya dəyişib, yeni bir dalğa başlayıb və özəlliklə də Azərbaycan müstəqilliyə qovuşduqdan sonra müstəqilliyin nə demək olduğunu növbəti dəfə dərk edərək dünyanın istila altında olan, işğal altında olan, müstəmləkəçilikdən əziyyət çəkən xalqlarına bir növ nəfəslik rolunu oynamağa başlayıb. Yəni Azərbaycan sadəcə özünün müstəqil olması ilə yetinmir. Hesab edir ki, müstəmləkəçilikdən əziyyət çəkən, işğal və ilhaq altında yaşayan xalqlar da azadlığına qovuşmalıdır. Əlbəttə ki, bu təşəbbüs dünyanın əzilən xalqlarının təqdirini görür. Ona görə də, Azərbaycan tərəfinə, Bakı Təşəbbüs Qrupuna müraciətlər daxil olur və yeri gəlmişkən deyim ki, bu müraciətlə məsələ bitməyəcək. Əminəm ki, hələ bizim bilmədiyimiz, işğal və ilhaq altında olan, müstəmləkəçilikdən əziyyət çəkən başqa xalqlar da buraya müraciət edəcəklər. Yəni Azərbaycan onlar üçün bir nəfəslik rolunu oynayır və onlar bu nəfəslikdən yararlanaraq azadlığa qovuşmaq istəyirlər. Bununla bərabər, Rusiyanın işğalı altındakı xalqların da problemləri artıq gündəmdədir. Düşünürəm ki, əlbəttə, Azərbaycan-Rusiya münasibətlərini nəzərə alsaq, biz hələlik bu məsələlərə qarışmamalıyıq. Amma dünyanın hər tərəfində Rusiyada işğal altında əziyyət çəkən xalqlarla bağlı da çox geniş hərəkatlar alovlanmaqdadır. Yəni dünyada insanların işğal, müstəmləkə altında yaşamasına son verilməlidir deyə hərəkətlənmələr var və sevindiricidir ki, Azərbaycan bu hərəkətlənmələrin önündə gedir".