Paşinyan COP29-da iştirak barədə qərar verərkən böyük bir məsuliyyət qarşısındadır - ÖZƏL

"Ermənistanın rəhbərliyinin, özü də yüksək səviyyədə rəhbərliyin, yəni, şəxsən Paşinyanın özünün COP29-da iştirak etməməsi bir məntiqsizlik olardı. Ona görə ki, COP29-a Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı məsələyə məhz Ermənistanın dəstək verməsi həlledici rol oynadı. Eyni zamanda, Azərbaycan Ermənistanın bu jestinin müqabilində iqlim dəyişmələri ilə mübarizə platformalarında Ermənistanın mötəbər təmsilçiliyinə anlaşıqlı yanaşdı".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"COP29 kontekstində Azərbaycanla Ermənistan arasında çox böyük bir anlaşma var və bu anlaşmanın nəticəsi idi ki, elə ilk dəfə olaraq ikilikdə hərbi əsirlərin, girov saxlanılan şəxslərin və digərlərinin dəyişdirilməsi ilə bağlı müharibədən sonra ilk böyük razılaşma əldə olundu. İndi sual yaranır ki, Azərbaycanla razılaşma əldə edən, üzbəüz razılaşmalara gedən, COP29-un Azərbaycanda keçirilməsinə səs verən bir ölkənin rəhbərinin COP29 barədə dəvətə sayğısız yanaşmasını necə başa düşmək olar? Necə başa düşmək olar ki, Paşinyan bu tədbirin Bakıda keçirilməsinə səs verdiyi halda özü Bakıya gəlməyə. Təbii ki, belə suallar meydana çıxacaq. Amma çox təəssüf ki, birmənalı şəkildə onun müsbət qərar verəcəyini söyləmək də çətindir. Çünki Paşinyanın bu məsələdə bəzi qərarlarının bəzi ölkədaxili siyasi proseslərdən asılı olduğu faktı var. Bəllidir ki, bu gün Ermənistanın içində revanşist radikal siyasi dairələr Paşinyana var qüvvə ilə təzyiq göstərməyə çalışırlar ki, o və ya onun səlahiyyət verdiyi şəxslər COP29-da iştirak etməsinlər. Ermənistan bu məsələni də siyasiləşdirir. Ermənistanın radikal dairələri hesab edirlər ki, Azərbaycan COP29-un keçirilməsi ilə guya Ermənistana qarşı 2020-23-cü illərdə həyata keçirdiyi "cinayətlərə" görə məsuliyyətdən yayınmaq və ermənilərin deportasiya olunması məsuliyyətini dünyadan gizlətmək istəyir. Azərbaycan guya bu "cinayətlərə" görə belə tədbirlərlə  dünya ictimaiyyətinin diqqətini yayındırmaq istəyir və ona görə də, radikal erməni qüvvələri hesab edirlər ki, Ermənistan rəhbərliyinin bu tədbirdə iştirakı guya Azərbaycanın bu siyasətinə haqq qazandırmaq, ona legitim donu geyindirmək mənasını vermiş olardı. Buna görə də onlar ciddi cəhd ilə Paşinyanın bu tədbirdə iştirakına mane olmağa çalışırlar. İndi söyləmək çətindir ki, Paşinyan ölkənin daxilindəki bu baryerləri aşa biləcək, ya bilməyəcək. Paşinyan COP29-da iştirak məsələsi barədə qərar verərkən böyük bir tarixi məsuliyyət, seçim qarşısındadır. Yəni o nümayiş etdirə bilər ki, ölkədə tam müstəqil siyasət aparır və onun xarici siyasət addımlarI üzərində revanşist və radikal müxalif qüvvələrin heç bir təsiri yoxdur, ya da göstərə bilər ki, o prinsipial xarici siyasət məsələlərində daxildə hansısa siyasi qüvvələrin təzyiqi altındadır. Seçim artıq Paşinyanındır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31