Azərbaycan COP29-dan sonra da məsuliyyətinə uyğun gərəkən addımları atacaq - ÖZƏL

"COP29-dan sonra ölkədə təbii ki, dəyişikliklər prosesi davam edəcək. Ancaq birbaşa iqlim dəyişmələri və onun fəsadları ilə bağlı baş verəcək dəyişikliklərin miqyası bəzi amillərdən asılı olacaq". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Bu, ilk növbədə Azərbaycanın iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə nə qədər ardıcıl və prinsipial siyasət aparmağından asılıdır ki, biz hər birimiz bu seçimin qəti və həmişəlik bir seçim olduğunu, Azərbaycanın iradəli siyasəti olduğunu bilirik. Buna da şübhə yoxdur ki, Azərbaycan iqlim dəyişmələrinin fəsadları ilə bağlı siyasəti uzun bir strategiya kimi qəbul edib.
Bundan başqa, baş verəcək dəyişikliklər COP29-da qəbul olunan dünya dövlətlərinin və eləcə də Azərbaycanın öz üzərinə götürəcəyi  öhdəliklərlə bağlı olacaq. Hansı öhdəliklərdən söhbət getdiyinin təxmini çevrəsi bəllidir. Hazırda  dünya üzrə qlobal miqyasda istiləşmənin təxminən 1-1,5 dərəcə aşağı salınmasını bir hədəf kimi qəbul edib və bu hədəfin tezliklə vurulması üçün dövlətlər öz üzərlərinə öhdəlik götürəcəklərsə, təbii ki, buna uyğun Azərbaycanın da müəyyən öhdəlikləri olacaq və bu öhdəliklərin icra yönümündə müəyyən şeyləri dəyişməyə ehtiyac olacaq.
Digər tərəfdən, iqlim dəyişmələrinə uğurlu mübarizə üçün çox etibarlı maliyyə dayaqları, fond yaradılmalıdır və bu işdə də Azərbaycanın atacağı addımlar təkcə Azərbaycanın özünə yox, eyni zamanda, dünya dövlətlərinin bu məsələyə nə dərəcədə kollektiv məsuliyyətlə yanaşacaqlarından asılı olacaq. Təbii ki, iqlim dəyişmələrində inkişaf etmiş ölkələrin daha böyük iştirakı var. Yəni böyük iqtisadiyyata malik olan ölkələr iqlim dəyişmələri üçün daha böyük məsuliyyət daşıyırlar və onların iqlim dəyişmələrinin nəticələri ilə mübarizədə töhfələri daha çox olmalıdır. Buna uyğun Azərbaycan da məsuliyyətindən heç vaxt qaçmayıb və COP29-dan sonra da bu məsuliyyətə uyğun olaraq gərəkən addımları atacaq.
Bütün hallarda alternativ enerji mənbələrinin yaradılması ilə bağlı ölkədə işlərin yeni bir mərhələsinin başlayacağına möhkəm inanıram. Bu, həm COP29-un qərarlarının birbaşa diktəsi olacaq, həm də artıq 2030-cu ilə qədər Azərbaycanın bununla bağlı müəyyən imperativləri var. Çünki Azərbaycan özü təklif edib ki, minilliyin çağırışları sırasına 18-ci çağırış kimi iqlim dəyişmələri ilə mübarizə də daxil edilsin.
Bir halda, Azərbaycan dünyanın əsas inkişaf istiqamətlərində bunun xüsusi bir məsələ kimi nəzərdən keçirilməsini təklif eləyib. Demək, özü də bu yolda ardıcıl şəkildə addımlayacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31