Azərbaycanda ictimai və dövlət maraqlarının təmin olunmasına xüsusi önəm verilir

İstiqamət: İctimai və dövlət maraqlarının müdafiəsi

Bütün dünyada ictimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənib. Hazırda bu anlayış dünyanın əksər bölgələrində müxtəlif sahələrdə kampaniyaların keçirilməsi, ictimai maraqdan irəli gələn hədəflərə nail olmaq üçün yurisdiksiya mexanizmlərinin istifadəsi, ödənişsiz hüquqi yardım, hüquq sahəsində təhsilin təkmilləşdirilməsi kimi məqamları gündəmə gətirir. Buna baxmayaraq, missiya eynidir: qanunu bir alət kimi istifadə etməklə, ictimai marağı təmsil edən sosial problemləri həll etmək. Bütün bunlar da insan haqları, demokratiya, açıq cəmiyyət və qanunun aliliyi kimi prinsiplərə əsaslanır. Əslində ictimai və dövlət maraqlarının ilkin formada hələ keçmiş dövrlərdən mövcud olması məlumdur. Lakin qədim dövlətlərdə insanların hüquqları nəzərə alınmırdı və onlar ölkənin mövcud maddi-mənəvi sərvətlərindən yararlana bilmirdilər. Bu səbəbdən də dövlət və ictimai maraq anlayışları bir-birini tamamlamırdı. Bu prosesin ilkin elementləri kapitalizm münasibətlərinin yarandığı XIV-XV əsrlərdən nəzərə çarpıb və insanın fərdi azadlıqlarının, hüquqlarının təminatçısı rolunda dövlət çıxış etməyə başlayıb. Cəmiyyəti təşkil edən insan, vətəndaş, fərd dövlətin və dövlət marağının mərkəzi nöqtəsinə çevrilib. Belə bir yanaşma var ki, dövlətlərin mövcud olma məqsədi cəmiyyətə xidmət, cəmiyyət üzvlərinə firavan həyat təmin etməkdir. Bu zaman ictimai marağın dövlətin qəti və son məqsədini təşkil etdiyini deyə bilərik. Hər bir dövlət marağında ictimai marağın elementləri ehtiva olunur. Belə olan halda, dövlət marağı, ictimai və milli maraq anlayışlarını bir arada təhlil etmək məqsədəuyğun olar. Hər bir dövlət, onu formalaşdıran xalq üçün milli maraqların müəyyənləşdirilməsi və təmin olunması əsas vəzifələrdən biri kimi çıxış edir.
Bütün bəşəri və milli dəyərləri qoruyan və geniş miqyasda təbliğ edən Azərbaycan Respublikasında da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Nəzərə alsaq ki, müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur, o zaman əminliklə söyləyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir yetkin cəmiyyətdir. Həm dövlətin mənafeyinə zərər gəlmədiyi, həm də ictimai maraqlar təmin edildiyi, ortaq maraqlar müəyyənləşdirildiyi və üst-üstə düşdüyü halda ideal cəmiyyətin formalaşması mümkün olur. Dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da bir o qədər artar. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi "Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır" fikirləri qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər.
O da məlumdur ki, ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası çərçivəsində təkmilləşməkdədir. Ümummilli Liderin irəli sürdüyü bu konsept dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynadı. Bu zəmin əsasında inkişaf etməkdə olan müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində "xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır" prinsipi həyata keçirilir. Dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşməlidir. Müstəqil, demokratik, hüquqi, milli dövlətlərdə düzgün siyasət yeridildikdə milli və dövlət maraqlarının üst-üstə düşməsi, bu halda şəxsi maraq və ictimai maraq arasında qarşılıqlı tamamlanma üçün şərait yaranması nəzərə çarpır. Məhz bu baxımdan Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri kimi dövlətlərlə bütün sahələrdə münasibətdə öz milli maraqlarından çıxış etməsi olduğunu deyə bilərik.
 Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur. İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Azərbaycanda həyata keçirilən uğurlu siyasət bu maraqların müdafiəsini təmin edir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Çünki dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşməlidir. Müstəqil, demokratik, hüquqi dövlətlərdə düzgün siyasət həyata keçirildikdə milli və dövlət maraqları üst-üstə düşür. Bu halda şəxsi maraq və ictimai maraq arasında qarşılıqlı tamamlanma üçün şərait yaranır. Məhz bu baxımdan Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri dövlətlərlə münasibətlərdə bütün sahələrdə öz milli maraqları üzərindən çıxış etməsidir. Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti, təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var.
Birmənalı olaraq qeyd edilməlidir ki, hər kəs ilk növbədə dövlət maraqlarını müdafiə etməlidir. Çünki, bu ilk növbədə hər kəsin vətəndaşlıq borcudur. Dövlət maraqları müdafiə olunmasa, ölkənin suverenliyi, təhlükəsizliyi təhdid altına düşmüş olar. Bu baxımdan siyasi, sosial, dini, irqi kimliyindən asılı olaraq hər bir vətəndaşın ən ümdə vəzifəsi məhz dövlət maraqlarının müdafiəsi olmalıdır. ümumi olaraq, hər bir ölkə, millət üçün ictimai və dövlət maraqları ön planda olmalıdır. Bu məsələlərdə kiçik bir fikir ayrılığı sonda ölkə üçün ciddi problemlərə yol aça bilər. Azərbaycan cəmiyyəti ümumilikdə ictimai və dövlət maraqları kontekstində daim birlik nümayiş etdirib. Bunun ən bariz nümunəsi isə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdir. Müharibə dönəmində Azərbaycan əhalisi, siyasi, ictimai təşkilatlar, o cümlədən xaricdəki azərbaycanlılar vahid yumruq kimi birləşdi və Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu açıq şəkildə dünyaya bəyan etdi. Bu birlik müharibədə qazanılan tarixi qələbədə böyük paya sahibdir. Prezident İlham Əliyev də müharibə dönəmində və sonrakı zamanlarda xalqa müraciəti zamanı bu məsələyə toxunaraq ictimai və dövlət maraqlarının vəhdətinin vacibliyini xüsusi olaraq qeyd edib. 

Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31