Sultan Zahidov: Ukrayna qoşunlarının çox böyük ərazilər tutacağına inanmıram- ÖZƏL

"Hal-hazırda Rusiyanın ərazilərinin təxminən 1300 kvadrat kilometri Ukraynanın nəzarəti altındadır. Aydın məsələdir ki, Ukrayna Kursk əməliyyatını  bir neçə məqsədlə, daha dəqiq desək, siyasi və hərbi məqsədlə həyata keçirir. Siyasi məqsəd -gələcəkdə  Rusiya ilə mümkün danışıqlar masasında həm ərazilər, həm də əsirlərin  dəyişdirilməsi baxımından müəyyən üstünlüklər əldə etmək istəyir". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Hərbi baxımdan da Rusiyanın Ukrayna cəbhəsində 500000-dən çox əsgəri var. Həmin əsgərlərin Kursk istiqamətinə döndərilməsinə vadar edərək, digər cəbhə istiqamətlərində manevr etmək, üstünlük qazanmaqdan ibarətdir. Rusiyanın diqqəti bir növ Ukrayna cəbhəsindən Kurska yayındırmaqdan ibarətdir. Kurskda hal-hazırda döyüşlər davam edir və belə olan halda Rusiya danışıqlar prosesinə getmək istəmədiyini bildirir. Ukraynanın son bir neçə gündə Kursk istiqamətində ciddi irəliləyişi yoxdur. Müəyyən hissələrdə rus əsgərləri mühasirə altındadır, amma Rusiyanın 17 milyon kvadratdan çox ərazisini nəzərə alsaq, 1300 kvadrat kilometr elə də böyük bir ərazi deyil. Rusiya hər vəchlə onları oradan çıxarmağa çalışacaq. Ehtimal var ki, bu hərb intensivləşərsə, Rusiya daha çox ərazi itirməyə başlayarsa, taktiki nüvə silahlarından istifadəni tətbiq edə bilər. Bu da sözsüz ki, Qərb-Rusiya konfrantasiyasının eskalasiyasına, nüvə müharibəsinə gətirib çıxara bilər. Düşünmürəm ki, bu baş versin. Ukrayna qoşunlarının çox böyük ərazilər tutacağına inanmıram, çünki Ukraynanın bu qədər texnikası yoxdur. Hal-hazırda əsas məsələ Kursk və Berdyansk istiqamətlərində müəyyən əraziləri tutaraq onları əldə saxlamaq, həmin istiqamətlərdə mühəndis-istehkam işləri quraraq möhkəmlənmək və gələcəkdə Rusiyanın danışıq masasında o ərazilərdən qarşı tərəfə təzyiq aləti kimi istifadə etməkdən ibarətdir. Eyni zamanda, bu əraziləri nəzarətdə saxlamaq vacibdir. Ona görə də Ukrayna hər vəchlə çalışacaq ki, bu əraziləri öz nəzarətində saxlasın və əldən verməsin. İstənilən halda, digər tərəfdən Amerikadakı seçkilər də burada əhəmiyyətli faktor kimi rol oynayır, ordakı seçkilərin nəticələri Ukrayna-Rusiya hərbinin gələcək istiqamətlərinin müəyyənləşməsində həlledici amil kimi qiymətləndirilməlidir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31