Elçin Xalidbəyli: “Ermənistanın COP29-da iştirak edib-etməməsi ciddi əhəmiyyət daşımır”- ÖZƏL

"Hazırda Qərbin Ermənistanda hər hansısa məsələdə təzyiq göstərməsi ilə bağlı situasiya mövcud deyil. Əksinə, Qərb Ermənistandan Cənubi Qafqazda situasiyanı daha da gərginləşdirməyi tələb edir və buna nail olur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Qərb siyasi dairələri hazırda Qafqazda sülh və sabitlik istiqamətində fəaliyyət göstərmirlər, əskinə sülhün və sabitliyin pozulması istiqamətində situasiyaya təsir göstərməyə çalışırlar. Bu baxımdan Ermənistana sülh sazişinin imzalanması tələbi ilə heç bir təzyiq göstərilmir. Ehtimal olunur ki, yaxın vaxtlarda da Ermənistan belə bir təzyiqlə üzləşməyəcək. Əksinə, Ermənistan müstəqil xarici siyasət yürütmək qabiliyyətinə malik olmadığından, Ermənistana tamam fərqli təlimatlar və göstərişlər verilir. Qarşıdurma mühitinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bu baxımdan Ermənistanın Azərbaycandan gələn COP29-la bağlı təklifə münasibəti də elə bir ciddi əhəmiyyət daşımır. Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakıya gəlib-gəlməməsi heç bir anlam ifadə etmir. Rəsmi Bakı Ermənistan Baş naziri Nikol Paşinyana COP29 dəvətini göndərməklə beynəlxalq səviyyədə xoşməram örnəyi göstərib. Bununla da məsələ bitib. Bundan sonrası rəsmi İrəvana qalıb ki, bu dəvətdən hansı səviyyədə istifadə edəcək. Ya riyakarlıq edəcək, ya da normal münasibətlər üçün dəvəti pozitiv dəyərləndirə bilər. Ermənistanda belə pozitiv yanaşma tərzinin olduğu müşahidə olunmur. Bütün bunları ümumiləşdirib onu demək olar ki, Ermənistanın COP29-da iştirak edib-etməməsi heç bir şeyi dəyişmir və heç bir şeyə təsir göstərmir, ciddi əhəmiyyət daşımır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31