Ermənistandakı ictimai fikri bu yolla aldada bilərlər...- ÖZƏL
22 Avqust 2024 13:00 Siyasət"COP29-un keçirilməsi gündəmə gələndə bir sıra ölkələr namizədliyini vermişdi ki, onlardan biri də Ermənistan tərəfi idi. Azərbaycan diplomatiyası sonra uğur qazandı. Bu baxımdan ki, COP29-un Ermənistanda yox, Azərbaycanda keçirilməsi qərara alındı. Hələ o zaman da Azərbaycan tərəf bildirmişdi ki, Ermənistan, ümumiyyətlə bütün dünya dövlətlərinin COP29-a gəlib iştirakından məmnun qalacaq. Hələ o zaman da Ermənistanın iştirakı məsələsi gündəmdə idi".

Bu fikirləri politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:
"Lakin sammitin keçirilməsinə yaxınlaşdıqca bu daha da aktuallaşır. Burada əlbəttə iki versiya var: ya iştirak edəcək, ya da etməyəcək. İştirak etməyəcəyi təqdirdə bu o anlama gələcək ki, Ermənistan tərəfinin Azərbaycanla münasibətləri yaxşılaşdırılması barədə verdiyi açıqlamalar tamamilə yalandır, prosesi uzatmaq, vaxt qazanmaq və qisas almaq məqsədilə edilir. Əgər Ermənistan tərəfi COP29-da iştirak etməyəcəksə, bu onların yenidən öz tarixi missiyalarının məntiqinə dönmələrinin göstəricisi olacaqdır. İştirak etmək qərarına gəlibsə, bunu bu gün açıqlamamalarını müəyyən mənada başa düşmək olar. Çünki erməni cəmiyyətinin yanlış stereotipləri var idi. Paşinyan iqtidarı onlardan bəzilərini qırıb. Məsələn, Rusiya imperializminə tabe olma, rusmeylli qüvvələrin Ermənistanda üstünlük təşkil etməsi məsələsində bir nailiyyət əldə edilib, amma Azərbaycan, türk düşmənliyi məsələsində Ermənistan cəmiyyəti hələ də özünün stereotiplərini qıra bilmir. Birmənalı olaraq Azərbaycanı, türk milli kimliyini düşmən sayırlar, özlərində o yanaşmanı heç cür dəyişə bilmirlər. Paşinyan iqtidarı da bunu nəzərə alır. Çünki hesablayır ki, COP29-da hər hansı səviyyədə iştiraka qərar verilməsi, Ermənistan cəmiyyətində birmənalı qarşılanmayacaq. Xüsusən antipaşinyan, onu devirməyə çalışan rusmeylli qüvvələr var ki, onlar bunu "Paşinyan Ermənistana xəyanət etdi" kimi yanlış istiqamətdə şəkilləndirə və Ermənistandakı ictimai fikri bu yolla aldada bilərlər. Ona görə də Paşinyan iqtidarı bu məsələni ikinci, üçüncü dərəcəli şəxslərin dili iıə cəmiyyətə qəbul etdirməyə çalışır. Bu proses tamamlananda, insanlar artıq "Paşinyan bunu açıqlasa da, açıqlamasa da Ermənistan COP29-da iştirak edəcək" fikrini qəbul edəndə o zaman Paşinyan iqtidarı da iştirak barədə aldıqları qərarı rahatlıqla cəmiyyətə açıqlayacaq və COP29-da Ermənistan tərəfi də təmsil olunacaq".
Zeynəb Rzayeva