Azərbaycan-Özbəkistan əlaqələri özünün ən yüksək səviyyəsindədir- ÖZƏL

"Azərbaycan Türk dövlətləri və Mərkəzi Asiya ölkələri ilə münasibətlərə böyük önəm verir və bu əlaqələri yüksək qiymətləndirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Son illər, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar fonunda Prezident İlham Əliyevin Mərkəzi  Asiya regionuna, Türk dövlət başçılarının isə ölkəmizə səfərləri müntəzəm xarakter alıb. Bütün bu təmaslar isə qədim dövrlərdən bu günümüzə qədər davam edən dəyərlərin yeni formada inkişaf etdirilməsinə, dövlətlərarası münasibətlərin daha da irəliyə aparılmasına xidmət edən amillərdəndir. 
Azərbaycanın sıx əlaqələrə malik olduğu Mərkəzi Asiya ölkələrindən biri də Özbəkistandır. Tarixi, milli, dini bağlılıqlarımıza baxmayaraq, Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlər nisbətən gec-1995-ci il oktyabrın 2-də qurulub və artan templə inkişaf edib. Özbəkistan keçmiş Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinə hər zaman dəstəyini nümayiş etdirib, münaqişənin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verib. Diqqət çəkən digər məqam isə Özbəkistanın 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olmasıdır. Bütün bu münasibətlərin davamı kimi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etmişdi və Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirmişdi. Ötən ilin avqustun 23-də isə Prezident İlham Əliyev və 
 Prezident Şavkat Mirziyoyev Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişdilər".

E.Səftərov qeyd edir ki, bütün bunlar iki ölkə arasındakı səmimi və mehriban münasibətlərdən xəbər verir:

"Ona görə də Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri sayəsində bu gün Azərbaycan-Özbəkistan əlaqələri özünün ən yüksək səviyyəsindədir.
Artan templə irəlləyən əlaqələrimizin inkişafı baxımından ən məhsuldar dövr isə 2022-ci il olmuşdu. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. 2022-ci il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
Bir sıra mühüm nəqliyyat-logistika marşrutlarının üzərində yerləşən Azərbaycanın və Özbəkistanın birgə fəaliyyəti nəticəsində yükdaşımaların həcminin daha da artması təmin ediləcək. Bundan əlavə, 2024-cü il mayın 21-də Qubada təşkil edilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda ölkələrimizin bölgələrinin iqtisadi potensialı və tərəfdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunmuşdu və ikitərəfli sənədlər imzalanmışdı. Bütün sahələrdəki fəal əməkdaşlıq strateji tərəfdaşlıq əlaqələrinin təməlini təşkil edir. Özbəkistanla qarşılıqlı münasibətlərdə iqtisadi-ticarət əməkdaşlığı da mühüm rol oynayır. Nizamnamə kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti Azərbaycanda və Özbəkistanda, eləcə də üçüncü ölkələrdə investisiya layihələrinin gerçəkləşdirilməsinə hesablanıb.
İşğaldan azad olunmuş ərazidə qardaş ölkənin sərmayəsi ilə tekstil müəssisəsinin qurulması və ilkin mərhələdə 400-dən çox iş yerinin yaradılması da hədəflənir. Özbəkistanla, həmçinin enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq, səhiyyə və yükdaşımalar kimi sektorlarda əhatəli əməkdaşlıq gündəliyi hazırlanıb. Azərbaycan və Özbəkistan keçirilən mədəniyyət günləri isə xalqlarımızın qədimdən gələn milli yaxınlığını daha da inkişaf etdirir. 2024-cü il iyulun 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlməsi və Prezident İlham Əliyev və  
Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olması, Şuşa şəhərini gəzməsi Türk dövlətləri arasındakı münasibətlərin gündən-günə inkişaf etdiyinin və möhkəmləndiyinin göstəricidir.
Özbəkistanın 2019-cu il sentyabrın 14-də Türk Dövlətləri Təşkilatına (keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) üzv olduqdan sonra Azərbaycanla və digər türk dövlətləri ilə genişlənən əməkdaşlığı bu gün özünün ən yüksək dövrünü yaşayır. Özbəkistanın Türk Şurasına qatılması həm özü, həm də Türk dünyasının əməkdaşlığının daha da genişləndirilməsi üçün faydalı oldu. Bununla türkdilli dövlətlər arasında inteqrasiya artdı, beləliklə, Qazaxıstan Bakı-Tbilisi-Qars kimi geosiyasi əhəmiyyətə malik layihələrdən istifadə etməyə başladı. Bu da təkcə iqtisadi deyil, həm də regional sabitliyə mühüm töhfə verən amillərdən oldu. Həmçinin Türk dövlətlərinin birgə əməkdaşlığı onları regionda əsas oyunçuya çevirir, qlobal əhəmiyyətli hadisələrdə söz sahibi edir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31