Bakıda neokolonializmlə mübarizə mövzusunda beynəlxalq konfrans keçirilir
22 Avqust 2024 11:14 SiyasətBu gün Bakıda neokolonializmlə mübarizə mövzusunda beynəlxalq konfrans keçirilir.
Olaylar-ın məlumatına görə, bu gün Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir.
Tədbir Bakı Təşəbbüs Qrupu (BIG) və Boneyra adasındakı İnsan Hüquqları və Dəyişiklik Hərəkatı tərəfindən təşkil olunur.
"BMT Baş Assambleyasında Bakı Təşəbbüs Qrupu vasitəsilə Boneyra adasının öz müqəddəratını təyin etmə yolu" adlı konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Boneyra xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland və başqa ölkələrin nümayəndələri, BMT və digər beynəlxalq təşkilatların rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirlər.
Bundan əlavə, konfransda hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, müstəmləkəsizləşdirmə sahəsində ekspertlər və tədqiqatçılar iştirak edəcəklər.
Konfransda Boneyra əhalisinin müstəmləkəçilikdən qurtulmaq uğrunda apardığı mübarizə, o cümlədən, bu məsələnin müvafiq beynəlxalq təşkilatların gündəminə çıxarılması istiqamətində görülən işlər və bunun üçün beynəlxalq hüquqi imkanlar müzakirə olunacaq.
Tədbir Boneyra xalqının tarixində mühüm hadisə ərəfəsində baş tutacaq. Konfransdan bir neçə həftə sonra bir sıra dövlətlərin BMT Baş Assambleyasına Boneyra adasının yenidən dekolonizasiyaya məruz qalan ərazilər siyahısına daxil edilməsi ilə bağlı qətnamə layihəsi təqdim edəcəyi planlaşdırılır. Hazırkı konfransın əsas məqsədlərindən biri də bu qətnaməyə beynəlxalq dəstək qazanmaqdır.