Ukrayna Putinin ölkəmizə səfərindən niyə əndişələnib

Azərbaycana qarşı əks-təbliğat kampaniyasına start verilib

Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət onun dünya ölkələri ilə münasibətlərinin formalaşmasında mühüm rol oynayır. Dövlətlərlə ikitərəfli və bərabərhüquqlu əməkdaşlığa üstünlük verən rəsmi Bakı heç bir ölkənin daxili işinə qarışmamaq prinsipini rəhbər tutub. Elə region dövlətlərlə də eyni siyasətin davam etdirilməsində maraqlı görünür. Rusiya prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri çərçivəsində bu tendensiya özünü daha qabarıq büruzə verdi. Aparılan müzakirələr, qarşılıqlı əməkdaşlıq sahəsində imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi. Çox təəssüf ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, dövlətlər, yaxud beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi qısqanclıqla qarşılanır. Maraqlısı odur ki, bu siyasi qısqanclıq bəzən əsassız və ya qərəzsiz olur. Elə özünü Azərbaycanın strateji müttəfiqi elan edən Ukraynanın hazırki davranışı kimi.  
Məlumat üçün qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Bakıya rəsmi səfəri və SOCAR ilə "Qazprom" arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilməsi Ukraynanın "xətrinə dəyib". Hazırda sosial şəbəkələrin Ukrayna seqmentində, xüsusən də "Facebook" sosial şəbəkəsində əsl anti-Azərbaycan isteriya yayılmaqdadır. Belə ki, ən müxtəlif təbəqənin nümayəndələri Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin boykot edilməsi ilə bağlı çağırış edirlər. Problem ondan ibarətdir ki, məsələ Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin boykot edilməsi ilə bağlı ictimai çağırışlarla məhdudlaşmır. Sosial şəbəkələrdə azərbaycanlılara qarşı təhqirlər, irqçi və ksenofob çağırışlar da əksini tapıb. Çox təəssüf ki, sosial şəbəkələrdə anti-Azərbaycan və anti-SOCAR dalğasını yayanlar susmağa üstünlük verirlər. Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra ilk aylarda Azərbaycanın humanitar prinsipləri rəhbər tutaraq etdiyi yardımları belə dilə gətirmək istəmirlər. "SOCAR Energy Ukraine" yanacaqdoldurma məntəqələrinin təcili tibbi yardım maşınlarını və Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə məxsus maşınları pulsuz yanacaqla təmin etməsi heç yada düşmür. 
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan Ermənistan da daxil olmaqla bütün qonşu dövlətlərlə mehriban münasibəti qurmaqda maraqlıdır. O cümlədən, şimal qonşusu Rusiya ilə də. Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycan-Rusiya münasibətləri özünün pik həddinə çatıb. Nəzərə almaq lazımdır ki, Rusiya təkcə regionun deyil, həm də dünyanın aparıcı dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olaraq çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlamağa, söz sahibi kimi çıxış etməyə çalışır. Belə bir dövlətlə əməkdaşlıq təbii ki, ölkəmizin beynəlxalq əməkdaşlığına fayda gətirmiş olar. Sözsüz ki, Rusiya və Azərbaycan arasındakı münasibətləri bu səviyyəyə çatmasında iki ölkə prezidentinin rolu danılmazdır.Təsadüfi deyil ki, avqustun 18-də Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfərinin yekunları və müzakirə olunan məsələlər dünyanın diqqət mərkəzindədir. Bəzilərində obyektiv yanaşma olsa da, bir çoxlarında qərəzli və ikili standartlardan çıxış edilən hallara rast gəlinir. İkili standartlardan biri də özünü Ukraynanın sosial seqmentində, xüsusilə, "facebook"da anti-Azərbaycan isterika açıq özünü büruzə verib. Ukrayna mediası və sosial şəbəkələrində Azərbaycana və SOCAR-a qarşı çirkin kampaniya fikrimizi bir daha təsdiq etmiş olur. 
Azərbaycana qarşı aparılan çirkin kampaniyaya qoşulan siyasətçilər, deputatlar, ekspertlər bilməmiş deyillər ki, Azərbaycan Ukraynada müharibə başlayandan bəri bu ölkəyə dəstək nümayiş etdirib. Onun ərazi bütövlüyünü ən müxtəlif tribunalarda dəstəkləyib. Bundan əlavə, Ukraynanın müharibədən əziyyət çəkən bölgələrinə hərtərəfli yardımlar göstərib. Yəni, indiyədək heç vaxt Ukraynaya zərbə olacaq heç bir işə əl qoymayıb. Nədənsə ölkəmizə qarşı hədyanlar yağdıran ukraynalı ekspertlər və erməni təsiri altında olan media, müxtəlif ranqlı mütəxəssislər Azərbaycanın Ukraynaya göstərdiyi yardımlar,  SOCAR-ın humanitar fəaliyyəti haqda danışmağı özlərinə rəva bilməyiblər. Lakin, Azərbaycan 30 il torpaqlarının işğal altında olduğu zaman heç kəsdən, o cümlədən Ukraynadan hansısa əməli dəstək görməyib, amma bunu xüsusi olaraq qabartmayıb. Azərbaycan torpaqlarını işğal edən Ermənistana Ukraynanın verdiyi önəm yaddan çıxmamalıdır. Bu gün Vladimir Putinin Azərbaycana səfərinə görə bizi tənqid edən Ukrayna sosial seqmenti nədən torpaqlarımızın işğalında və Xocalı soyqırımında birbaşa şəxsən iştirak etmiş Serj Sarkisyanın Ukraynaya səfərinə heç bir reaksiya verməyib. Onun Ukrayna prezidenti ilə görüşləri zamanı Azərbaycan isterik reaksiya verməyib, çünki Ukraynanın Azərbaycana görə öz xarici siyasətini qurmaq kimi öhdəliyi yox idi, necə ki bu gün Azərbaycanın öhdəliyi yoxdur. Amma bizdən fərqli olaraq Ukraynada indi bəziləri düşünürlər ki, Azərbaycan Ukraynaya görə öz balanslı siyasətindən imtina etməli və mehriban qonşuluq siyasətindən əl çəkməlidir. Məlum mərkəzlərdən idarə olunan kəsim anlamalıdır ki, Azərbaycanın xarici siyasəti dövlətin maraqlarına söykənir. Müstəqil xarici siyasət yürüdən ölkəmiz xarici siyasətini hansısa dairənin iftiraları əsasında deyil, milli və dövlət maraqlarına uyğun qurur. Çoxvektorlu siyasət yürüdən Azərbaycan bütün qonşularla müttəfiqlik münasibətləri qurmağa çalışır. Düşündürücü məqam ondan ibarətdir ki, Ukrayna hakimiyyəti Azərbaycana qarşı bu iyrənc kampaniyanı sakitcə seyr edir. Halbuki Ukrayna müharibə şəraitində olduğundan ölkə mediası tamamilə nəzarət və senzura altındadır. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31