Bu səfər strateji tərəfdaşlıq münasibətlərə töhfə verəcək- ÖZƏL

"Dünyaya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir və bunun nəticəsidir ki, hazırda bir çox böyük dövlətlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də heç şübhəsiz ki, Rusiya Federasiyasıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır". 

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Rusiya da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələrə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir. Bütün sahələrdə əməkdaşlıq münasibətləri davamlı və nizamlı surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları əldə etməkdədir. Bu isə ümumi münasibətlər sisteminin inkişafını təmin edən strateji faktor kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir".
Məlumdur ki, bu səfər Rusiya Prezidenti Vladimir Putinin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Azərbaycana ilk səfəridir. Səfəri maraqlı edən əsas məqamlardan biri də bu səfərin Ukrayna ordusunun Rusiya ərazisində hərbi əməliyyatlar keçirdiyi bir vaxta təsadüf etməsi ilə bağlıdır. Ümumilikdə isə Vladimir Putin Ukrayna torpaqlarını ilhaqa görə Qərb tərəfindən təcrid olunduqdan sonra müttəfiqlərilə əlaqələrini möhkəmləndirməyə və yenilərini əldə etməyə çalışır və bu səfərər də həmin kontekstdən baxmaq lazımdır.
Son dövrlərdə Rusiya ilə Azərbaycan arasında regionlararası, siyasi, ticari-iqtisadi əlaqələr, o cümlədən enerji sektoru uğurla inkişaf edir. Xüsusilə də 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə ilə dövlətlərarası münasibətlər daha uğurlu şəkildə inkişaf etməyə başlayıb.
Hər kəs razılaşar ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana bu dəfəki dövlət səfəri çox mürəkkəb və münaqişəli bir şəraitdə keçir. Ancaq buna baxmayaraq dövlət rəhbərlərinin görüşləri, onların təmasları həmişə özündə müsbət məqamları ehtiva edir. Çünki danışıqlar, məsləhətləşmələr əsnasında onlar ilk növbədə məhz problemli məsələlərlə bağlı cavablar axtarırlar. Odur ki, müzakirələrin vacib predmeti olaraq Qərbin Ermənistanda möhkəmlənməsi fonunda regionda yarana biləcək gərginlik də mütləq şəkildə masaya yatırılıb. Bu da təbiidir. Rəsmi Moskva Qərbin Ermənistanda möhkəmlənməsini özü üçün təhlükə olaraq görür və gec tez Ermənistandan tərəfdən rus hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması haqqında tələblərin ola biləcəyini də ehtimal edir. Odur ki, regionda möhkəmlənçmək və öz mövqeyini qoruyub saxlamaq üçün yollar axtarır. Regionda vəziyyətin gərgin olması Nə Azərbaycanın, nə də Rusiyanın marağında deyil, odur ki, hər iki ölkə sabitlik və təhlükəsizliyin etibarlı şəkildə qorunmasını istəyir. 
Əhəmiyyətli olan məsələlərdən biri də hər iki ölkənin ortaq iqtisadi maraqları ilə bağlıdır. Məsələn keçən il ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi təqribən 4,5 milyard ABŞ dolları olub. Bu ilin yanvar-iyul ayları ərzində isə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572.8 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.2% və ya 127.5 milyon ABŞ dolları artım olduğunu göstərir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub. Ümumilikdə isə indiyə qədər Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi 6 milyard dollar təşkil edir.
Düşünürəm ki, Vladimir Putinin indiki səfərində də bir sıra siyasi, refional, beynəlxaq məsələlərlə yanaşı həm də iqtisadi məsələlər geniş şəkildə müzakirə olunub. Məlumdur ki, Rusiya Ukraynaya girdikdən sonra Qərbin qoyduğu sanksiyalara görə Avropa ölkələrinə ixracı faktiki olaraq dayanıb. 2025-ci ilin yanvarın 1-dən isə "Qazpromun" Ukrayna ərazisindən Avropa ölkələrinə qaz ixracının müqaviləsi bitir. Bu isə Rusiyanı təbii olaraq öz qazı üçün yeni müştərilər tapmağa məcbur edir. 
Bizim qazdan əziyyət çəkən Avropa ölkələrini qazla təchiz etmək üçün Avropa İttifaqı ilə razılaşmamız mövcuddur. Bu razılaşmaya görə Avropa ölkələrinə nəql edilməsi üçün daha çox qaz ixrac edilməsi razılaşdırılıb. Düşünürəm ki, məhz bu məsələ, yəni enerji məsələsi Vladimir Putinin Azərbaycana hazırkı səfərində əsas hədəflərdən oldu. Hətta gələcəkdə qaz nəqli ilə bağlı yeni sənəd də imzalana bilər. Bu əslində bizim də maraqlarımıza cavab verir. Azərbaycan Rusiyadan ucuz qiymətə aldığı qazı daxili bazarı təmin etmək üçün istifadə edərək Avropaya ixrac olunan Azərbaycan qazının həcmini artıra bilər. Hələliksə Rusiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində müxtəlif istiqamətləri əhatə edən sənədlərin imzalandı ki, bu da gələcək inkişafın hüquqi bazasını təşkil edir. 
Son olaraq qeyd edim ki, Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasında bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfələr verəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31