Sultan Zahidov: Azərbaycandan Rusiyaya təhdid yoxdur- ÖZƏL

"Putinin Azərbaycana son 6 ildə ilk dövlət səfəri baş tutdu. Bu səfər tarixi əhəmiyyətə malikdir, iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafının bariz göstəricisidir. Azərbaycan-Rusiya arasındakı münasibətlər 2022-ci ilin fevralında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə əsaslanır".

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu Bəyannaməyə görə iki ölkə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyi, eyni zamanda bir-birinin daxili işlərinə qarışmamağı, beynəlxalq platformalarda bir-birinə dəstək olmağı, hansısa bir üçüncü qüvvədən digərinə qarşı istifadə olunmasına yol verməməyi öhdəliyinə götürdü. Putinin Bakıya səfəri Rusiya-Ukrayna müharinəsi dövrünə təsadüf etdi. Hal-hazırda Ukrayna Kurskda genişmiqyaslı əməliyyat həyata keçirir. Bütün bunların fonunda Putinin Azərbaycana səfər etməsi Kreml üçün Azərbaycanın artan strateji əhəmiyyətinin, dəyərinin göstəricisidir. Bu, ilk növbədə ondan irəli gəlir ki, Azərbaycan bir çox Qərb ölkələrindən fərqli olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmadı, Rusiyaya qarşı neytral mövqeyini davam etdirdi. Azərbaycandan Rusiyaya təhdid yoxdur. İkinci faktor ondan ibarətdir ki, həm Rusiya, həm Azərbaycan arasında ümumi maraqlar var. Bu maraqlar ticarət, iqtisadi, nəqliyyat, enerji sahəsində əməkdaşlıq elementlərini, euni zamanda da ümumi təhdidlərə qarşı mübarizəni özündə ehtiva edir. Çünki Cənubi Qafqaz regionunda Qərbin artan fəallığı həm Azərbaycanı, həm də Rusiyanı müəyyən qədər narahat edir. Xüsusilə də Ermənistanın Fransa, ABŞ tərəfindən silahlandırılması nə Rusiyanın, nə də Azərbaycanın maraqlarına uyğun deyildir. Rusiya, Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq birliyin sanksiyaları ilə üz-üzədir. Rusiyanın logistik imkanları, enerji imkanları məhdudlaşdırılıb. Bakı Rusiya üçün Cənuba və Yaxın Orta Şərqə çıxış əldə etmək baxımından mühüm geostrateji əhəmiyyət daşıyır. Bu kontekstdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin önəmini vurğulamaq lazımdır ki, bu dəhliz vasitəsilə Rusiya həm Hindistana, həm Fars körfəzinə, həm də Yaxın və Orta Şərqə çıxa biləcəkdir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31