Azərbaycan yola hər zamankı mövqeyindən davam edəcək- ÖZƏL

"Putinin səfərdən öncə, yəni səfərin elan edildiyi, Azərbaycana gəlməsi barədə məlumatlar yayıldığı ilk vaxtlarda Azərbaycanda cəmiyyəti bu səfərə birmənalı yanaşmamışdı. Hər kəsdə bir narahatlıq vardı ki, ola bilər Putin Rusiyanın düşdüyü bu çətin vəziyyətdə Azərbaycanla bağlı siyasətində hər hansısa sərt, radikal tutumla gəlir. Amma səfər oldu, bitdi və biz görürük ki, Putinin Azərbaycan gündəliyində heç bir radikal tərəf, maddə yox idi". 

Bu fikirləri politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Əksinə, bu görüşü Azərbaycan üçün müəyyən mənada uğurlu saymaq olar. Çünki hərbi məsələlərlə bağlı yeni razılaşmalar yox idi. Sadəcə keçmiş razılaşmalar üzərindən danışıldı. Bu da Azərbaycanı Rusiyanın düşdüyü siyasi çətin vəziyyətdə sırf hərbi siyasi məsələlərdə öz neytrallığını qorumağa dəlalət verəcək məsələdir. Digər tərəfdən gündəlikdə əsas müzakirə olunan mövzular enerji məsələləri, Şimal-Cənub marşrut xəttinin inkişaf etdirilməsi, Xəzərdə əməkdaşlıq və ya iki ölkə arasındakı digər iqtisadi və yeni əməkdaşlıqlar üçün potensial oldu. Bu isə Rusiyadan çox bir nöqtədə Azərbaycanın xarici siyasətinə uyğundur. Çünki Azərbaycan tərəfi qlobal qarşıdurmaların artdığı bir gesosiyasi vəziyyətdə hərbi siyasi baxımdan heç bir blokla əlaqələrini seçim üzərində qurmayıb. Yəni, Azərbaycan nə Rusiyanı seçir, nə Qərbi seçir, hərbi-siyasi məsələlərdə neytrallığını qoruyur. İqtisadi məsələlərdə Azərbaycan balanslı siyasətini səssiz qalmaqla yox, bütün tərəflərlə iqtisadi əlaqələrini genişləndirərək qoruyur. Bunu Avropa İttifaqı və ayrı-ayrı Avropa dövlətləri ilə əlaqələrdə də görürük. Dünənki görüş də məhz bu nöqtədə uğurlu sayıla bilər. Əgər dünənki razılaşmalar obyekyiv şəkildə həyata keçirilsə, tərəflər məsələyə hüquq prizmasından yanaşsalar, kimsə "mən daha güclüyəm" deyib təzyiq etməsə, razılaşmaları öz mənfəəti üçün istifadə etməyə qalxmasa o halda bu razılaşmalar Azərbaycan üçün yeni enerji dəhlizləri, yeni iqtisadi layihələr deməkdir. Bunlar da təbii ki, yeni qazanc mənbələridir və gələcək üçün uğurlu bir zəmin hazırlaya bilər. Dünənə qədər olan narahatlıqlar da artıq öz cavabını tapmış oldu. Azərbaycan heç bir halda Ukrayna münaqişəsinə nə Qərb mövqeyindən, nə Rusiya mövqeyindən hərbi-siyasi baxımdan qarışmayacaq. Əksinə, hər zamankı tutumu nə idisə o mövqedən davam edəcək. Azərbaycan artıq iqtisadi potensialını yüksəldəcək danışıqlara imza atmaqla tərəfsizliyini bir daha qorumuş oldu və qlobal qarşıdurmaların müharibə səviyyəsinə keçdiyi bu çətin geosiyasi vəziyyətdə həm özünün Cənubi Qafqazdakı hegemonluğunu qorumuş, həm də bunu münaqişəsiz yaratmadan təmin etmiş oldu".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31