Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində Azərbaycanın imkanlarından istifadə oluna bilər- ÖZƏL
20 Avqust 2024 10:41 Siyasət"Azərbaycanın beynəlxalq əlaqələri ildən-ilə fəallaşır. Bu amil istənilən ölkə üçün müsbətdir. Lakin rəsmi Bakını daha da qabarıq formada üzə çıxardan amil odur ki, fəallaşan əlaqələr sadəcə ikitərəli əməkdaşlığı sürətləndirmir, həm də heç bir tərəfə zərər vermədən, əksinə daban-dabana zidd situasiyalarda belə uzlaşdırıcı, sabitləşdirici rol oynayır".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Cənab Prezident İlham Əliyev dövlət başçıları, hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, xarici işlər nazirləri səviyyəsində müxtəlif xarici nümayəndə heyətini qəbul edir. Qəbul edilən hər bir şəxs dövlətimizin gücünü, ölkəmizin gündən-günə inkişafını, ən əsası isə bütün bunları yaratmağa qadir olan cənab Prezident İlham Əliyevin rəhbərliyini, ona bu çətin, lakin şərəfli yolda dəstək olan Birinci vitse-prezident Mehriban Əliyevanın gərgin əməyini xüsusilə vurğulayır. Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq gündəliyin hal-hazırki durumunda, hadisələrin mövcud inkişaf tendensiyası kontekstində Azərbaycana səfər etməsi məhz mehriban qonşuluq münasibətlərinin təzahürü olduğu qədər, həm də Azərbaycanın etimad göstərilən tərəf olduğunu sübut edir. Hər şeydən öncə bir reallıq-coğrafi mövqe nəzərə alınmalıdır. Bu baxımdan istənilən region ölkəsi ilə nəinki sıfır problem prinsipi, həm də dinamik əlaqələr prioriteti əsasdır. Rusiya dünyanın böyük ölkələrindən biridir, tarixin müxtəlif dövrlərində, hətta zaman-zaman sallanan yelkəninə baxmayaraq dövlətlərimiz, xalqlarımız arasında inkar olunmaz bağlar mövcuddur. Azərbaycan-Rusiya əlaqələri bir-birinin daxili işlərinə qarışmamaq prinsipi üzərində qurulduğundan qarşılıqlı hörmətə əsaslanır. İqtisadi-ticari əlaqələr üzrə 4 milyard dollardan bir az çox statistika müsbətdir, lakin bunun daha da artırılması üzərində Hökumətlərarası Komissiya aktiv çalışır. Bu xüsusda müsbət amil odur ki, mövcud rəqəm artırıla biləcəyindən mövcud potensiala əsaslanmasa da daha xüsusi bir amala xidmət edir ki, bu da iki ölkənin iradəsindən kənara çıxmamasıdır. Yəni, Ermənistanda olduğu kimi beynəlxalq sanksiyalar altında olan məhsulların ixracı hesabına yüksəlmir. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi hər iki tərəfin marağındadır. Azərbaycan heç bir tərəfin təzyiqi altında qalmadan, hansısa aktorun maraqlarını təmin etmədən öncə milli maraqlarını prioritet tutaraq addımlar atır. Bu baxımdandır ki, Qoşulmama Hərəkatının fəal üzvlərindən biri kimi hərbi-siyasi platformalara qoşulmur. Azərbaycanın regional aktorlar olmaqla İranla, Rusiya ilə yaxşı əlaqələri mövcuddur, Avropa İttifaqı və Qərbin başqa təsisatları ilə əməkdaşlıq edir, eyni zamanda BRİKS və ŞOS kimi platormalarda iştirak edir. Azərbaycan qazının alınmasında, həcmin artırılmasında təklif Avropa İttifaqından gəlib. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, mahir diplomatiyası nəticəsində Azərbaycan bu gün ən təhlükəsiz ölkələrdən biridir. Ukraynalı mütəxəssislər məhz bu dəst-xətti ən məqbul variant kimi yüksək dəyərləndirir, model kimi göstərirlər. Dövlət başçımızın balansı düzgün tənzimləməsinin, Rusiya ilə münasibətləri düzgün qurmasının nəticəsidir ki, hədəflərimizə çatdıq, xalqımızın maraqları təmin olunur. Azərbaycan bu təcrübəni bölüşməyə hazırdır. Belə ki, həm Rusiya, həm də Ukrayna ilə düzgün qurulan münasibətləri nəzərə alaraq Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində Azərbaycanın imkanlarından istifadə oluna bilər".
Zeynəb Rzayeva