Putinin Azərbaycana səfər etməsi İlham Əliyevin böyük uğurlarından biri sayılmalıdır - ÖZƏL
20 Avqust 2024 10:36 Siyasət"Rusiya prezidentinin Azərbaycana səfəri sadəcə olaraq iki ölkə arasında münasibətlər baxımından deyil, qlobal gündəm baxımından da diqqətdədir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bilirsiniz ki, Rusiya, özəlliklə də Qərb dövlətlərinin uzunmüddətli sanksiyalarından əziyyət çəkir. Yəni Rusiyanın Qərb dövlətləri ilə münasibətləri tamamilə kəsilib, hətta bir sıra beynəlxalq təşkilatlarda onun üzvlüyü problemə çevrilib. Üstəlik də, Rusiya prezidentinin xarici dövlətlərə səfərləri də mümkünsüz hala gəlib. Bu baxımdan, Rusiya prezidentinin Azərbaycana səfər etməsi dünyanın diqqət mərkəzindədir. Bəs bizim üçün onun faydası, zərəri nə ola bilər? Əlbəttə ki, nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti bütün qonşularla, o cümlədən də Rusiya ilə münasibətlərdə etibarlı tərəfdaşdır. Yəni bizim dövlətimiz nə Rusiyanı, nə də başqa dövlətləri qıcıqlandırmayacaq şəkildə davranır, bu məsələnin birinci tərəfi.
İkinci bir tərəfi isə, Rusiyanın Azərbaycana marağı getdikcə daha da artır və prezident Putinin səfəri də bu qəbildən dəyərləndirilməlidir.
Yəni Azərbaycan balaca bir dövlət olsa da, artıq Rusiya kimi böyük bir dövlətin ona ehtiyacı var. Birincisi, Güney Qafqazda mövqelərinin qorunub saxlanması baxımından. İkincisi də Azərbaycan türk dünyasının kilid ölkələrindən biridir. Özəlliklə də, Türkiyə-Rusiya münasibətlərində açar rolunu oynayan dövlət məhz Azərbaycandır. Əlbəttə ki, Putin bu gerçəklərin işığında Azərbaycana səfər edir və müzakirələrdə də yəqin ki, bu məsələlər ayrıca nəzərə alınacaq.
Ümumilikdə, Putinin Azərbaycan kimi nisbətən kiçik dövlətə səfər etməsi əslinə qalanda Azərbaycan Prezidenti İlham Əliyevin böyük uğurlarından biri sayılmalıdır. Niyə? Ona görə ki, belə böyük dövlətlərin rəhbərləri bir qayda olaraq, kiçik dövlətlərə səfərlərə o qədər də maraq göstərmirlər. O marağın göstərilməsi üçün şərait yaradılmalıdır və bu şəraiti yaradan da adətən dövlətin rəhbəri olur. Yəni həmin kiçik dövlətin rəhbəri olur. Bu baxımdan, Prezident İlham Əliyev Rusiya ilə Azərbaycan arasında bərabər səviyyəli münasibətlərin təmin edilməsində böyük rol oynayır. Yəni bizim dövlətlərimiz, ərazicə, əhalicə, iqtisadi imkanlarına, dünyada yerinə görə fərqli olsalar da, Azərbaycan prezidentinin siyasəti ona gətirib çıxarıb ki, Rusiya eyni masa arxasında bərabər bir tərəf kimi oturmaqda həddindən artıq maraqlıdır. Bax, Rusiya prezidentinin səfərini məhz bu kontekstdə təhlil etmək olar".