Bu, sülh prosesini sabotaj edir- ÖZƏL

"Son dövrlərdə Ermənistan özü tərəfindən uydurma birgə komissiyadan bəhs edir ki, sərhəd insidentlərinin araşdırılması ilə bağlı guya Azərbaycanla Ermənistan arasında hansısa ortaq dırnaqarası bir komissiya yaradılmalıdır. Əlbəttə ki, bu Ermənistanın öz uydurmasıdır".



Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib. Politoloqun fikrincə bu gün Ermənistan ərazilərində Avropa İttifaqının mülki missiyası adı altında Qərb kəşfiyyatı geniş fəaliyyət göstərdiyini nəzərə almaq lazımdır. 

Ermənistanda Avropa İttifaqı missiyası adı altındakı təxribatçıların fəaliyyət göstərməyi, eyni zamanda Ermənistanın sistematik şəkildə sülh müqaviləsini imzalamaqdan yayınması fonunda hansısa bir ortaq komissiyadan söhbət gedə bilməyəcəyini vurğulayan Tural İsmayılov, Ermənistan tərəfinin dırnaqarası komissiya iddialarının Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klar tərəfindən də dəstəkləndiyini bildirib. 
"Bu onu göstərdi ki, Ermənistan bu tip absurd iddialarını məhz Qərbin müəyyən dairələri tərəfindən dəstəklənərək irəli sürür. Bu da sülh prosesini sabotaj edir. Bu fikir səslənəndən həmən sonra insidentlər daha da aktivləşməyə başladı. Artıq son 3-4 gün ərzində bir neçə dəfə Naxçıvan istiqamətində və nəhayət bu gün də, Kəlbəcər istiqamətində Ermənistan növbəti təxribat törədib. Ermənistanın Qərblə əlaqələrini daha da dərinləşdirmək fonunda, həmçinin Fransanın Ermənistanı kütləvi silahlandırması, ABŞ-nin Ermənistanla hərbi təlimlər keçirilməsindən sonra, Ermənistanın özəlliklə Rusiya prezidentinin Bakıya səfəri ərəfəsində belə təxribatların törətməklə bu təxribatların məqsədinin nə olduğunu növbəti dəfə ortaya qoymuş oldu. Ermənistan danışıqlar prosesindən və eyni zamanda bölgədə sabitliyin əldə edilməsinə töhfə verməkdən qaçır, yayınır və əlindən gələn bütün təxribatları bu kontekstə etməyə çalışır. Bu baxımdan bunların həm Naxçıvan, həm də Kəlbəcərdə Ermənistanın etdiyi təxribatların siyasi səbəbləri olduğunu hesab edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31