Elmir Səftərov: "Vladimir Putinin Azərbaycana səfəri diqqət mərkəzindədir”- ÖZƏL
19 Avqust 2024 14:44 Siyasət"Vladimir Putinin Azərbaycana səfəri Ukrayna- Rusiya müharibəsi və regional kontekstdə cərəyan edən dəyişikliklər fonunda diqqətləri cəlb edir. Qərbin Ermənistan vasitəsilə Cənubi Qafqaza yerləşməsinin sürətləndiyi bir zamanda Rusiya Prezidentinin ölkəmizə gəlməsi regionda baş verə biləcək təhdidlərin dərəcəsini müzakirə masasına çıxarır, onun qarşısının alınması istiqamətində koordinasiyalı əməkdaşlığı zərurət halına gətirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:
"Bu səfərə Azərbaycanın müstəqil siyasəti, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı inkişaf etdirməsi, dialoqa açıq olması, regional məsələlərin müzakirəsi və problemlərin həlli üçün məkana çevrilməsi kontekstindən də baxmaq olar. Çünki Azərbaycan dünyada bir-biri ilə münaqişə, müharibə vəziyyətində olan tərəflərlə münasibətdə balansı qoruyur, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı inkişaf etdirir, heç bir hərbi-siyasi platformaya qoşulmur. Bu baxımdan da Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasət həyat keçirir.
Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 21-də Ermənistana səfər planlaşdırması ilə paralel olaraq şərti sərhəddə İrəvanın təxribatlar törətməsini, bundan əvvəl isə Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan sülh müqaviləsi bəndindən çıxarılmasında regional və qlobal maraqların toqquşmasını və ziddiyyətləri minimuma endirmək üçün uzlaşdırılması məsələsinin müzakirə edilməsini şərtləndirir.
Maraqlar, çıxarlar və ehtimal olunan gedişatlar müttəfiqimiz, əsas strateji tərəfdaşımız olan qardaş ölkə Türkiyə ilə də uzlaşdırılaraq irəli aparılır. Ölkəmizin maraqları əsas götürülməklə regionda sabitliyin davamlı olması üçün atılacaq addımlar da əsas müzakirə mövzularından biri kimi xarakterizə oluna bilər".
Siyasi şərhçi bildirib ki, Ukraynadakı müharibənin artıq Rusiya ərazisinə də sıçradığı bir zamanda V.Putinin ölkəmizə gəlişi Azərbaycanın təsirli aktor kimi qəbul edildiyini göstərir:
"Dünya nizamının formalaşdırıldığı zamanda yeni təhlükəsizlik arxitekturasının qurulması dövlətlərin ehtimal olunan mənfi çağırışlara qarşı daha hazırlıqlı olmasını şərtləndirir. Ona görə də Moskva narahatlıqlarını Azərbaycanla müzakirə edir, çünki müxtəlif regionlarda alovlanan münaqişə ocaqlarının genişlənməsi iki dövlətin də maraqlarına ziddir.
Səfərə qlobal maraqlar müstəvisindən də nəzər salmaq mümkündür. Belə ki, son illərdə münasibətlərini genişləndirən Azərbaycan və Çinin Astana Zirvə görüşü çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" imzalaması iki dövlət arasında münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi qiymətləndirilir. Azərbaycan, Rusiya və Çin arasında genişlənən münasibətlər də iqtisadi yöndə maraqları uzlaşdırır, birgə əməkdaşlıq üçün etibarlı mühit yaradır. Ona görə də Rusiya ilə Azərbaycan arasında Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi də mümkündür. Çinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyət və Moskva-Pekinin hərtərəfli dərinləşən əlaqələri bunu ehtimal etməyə əsas yaradır".
Qiymət Mahir