Kazım Kazımov: Azərbaycanla Rusiya arasında tarixən çox önəmli əlaqələr var- ÖZƏL

"Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri ölkəmizin həm regionda, həm də dünyada necə önəmli tərəfdaş olduğunu bir daha ortaya qoydu. Çünki Rusiya Federasiyası dünyada qlobal güclərdən biridir". 



Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Rusiya Federasiyası kimi BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan ölkənin liderinin Azərbaycana səfəri şübhəsiz ki, paytaxtımıza və ölkəmizə diqqələri bir daha cəlb etmişdir. Xüsusən belə bir həssas dönəmdə Putinin Azərbaycana ziyarəti bir çox məqamdan da xəbər verir. Əvvəla cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi Azərbaycan heç bir blokun üzvü deyil. Qlobal və regional güclərin bir çox məsələlərdə mübarizəsi olduğunun əksinə, Azərbaycanı öz maraqları cəzb edir. Ona görə də bu gün biz Rusiyayla, hətta Rusiyanın qarşısındakı güclərlə də balanslı şəkildə siyasətimizi həyata keçiririk. Bu balanslı siyssət nəticəsində Azərbaycan güvənilir bir ölkəyə çevrilmişdir. O ki, qaldı Vladimir Putinin ziyarətinə, şübhəsiz ki, Azərbaycanla Rusiya arasında tarixən çox önəmli əlaqələr var. Bugünkü ziyarət də bu əlaqələrin təcəssümüdür. Əvvəla onu qeyd edək ki, Azərbaycan-Rusiya münasibətləri son illərdə ciddi şəkildə inkişaf edir. Bu inkişaf həm Moskvanı, həm də Bakını məmnun edir. Bu, sadəcə iki ölkənin siyasətçiləri arasında yaşanan inkişaf deyil, Azərbaycan və Rusiya arasındakı ticarət dövriyyəsi artır, bir çox məsələlərdə iki ölkə arasında inkişafın artması səbəbilə bürokratik və digər qarşılaşılan əngəllər aradan qalxır. Beləcə iki ölkənin vətəndaşları da həm iqtisadi, həm də digər cəhətlərdən bu inkişaf edən əlaqələrdən bəhrələnir. Putinin bugünkü ziyarətində şübhəsiz enerji, ticarət və digər məsələlər gündəmə gələcəkdir. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın həm Kiyevlə, həm də Moskva ilə yaxşı əlaqələrinin olması Rusiya-Ukrayna müharibəsində sülhə töhfə verə bilər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31