Oqtay Qasımov: Putinin Azərbaycana səfəri kifayət qədər ciddi məzmun daşıyır- ÖZƏL

"Rusiya prezidentinin Azərbaycana səfəri təbii ki, diqqət mərkəzindədir. Bu baxımdan ki, Vladimir Putin son dəfə 6 il öncə Bakıda səfərdə olub. Ondan sonrakı dönəmdə həm regionda, həm dünyada çox ciddi hadisələr, dəyişikliklər olub".

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Məhz bu hadisələrin fonunda Rusiyanın Güney Qafqazdakı 6 il öncəki çox ciddi  və möhkəm görünən mövqeyi xeyli dərəcədə zəifləməyə başlayıb. ABŞ və onun müttəfiqləri Ermənistan üzərindən Rusiyaya qarşı geopolitik savaş açıblar və Rusiyanı bölgədən sıxışdırmaq istəyirlər. Bu baxımdan Putinin Azərbaycana səfəri təbii ki, həm dünya mediasının, həm də yerli medianın diqqət mərkəzindədir. Təbii ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər müəyyən istisnaları çıxmaqla müstəqillik dövründən yüksələn xətt üzrə davam edir. Hal-hazırda iki ölkə müttəfiqlik fəaliyyəti ilə bağlı memorandum imzalayıb və bu anlaşma üzərindən də münasibətlər inkişaf etdirilir. Hər iki ölkənin müzakirə edəcəyi xeyli məsələlər var: iqtisadi, siyasi, ticari, humanitar, mədəni, enerji, nəqliyyat, logistika, təhlükəsizlik və digər məsələlər olmaqla müzakirələr üçün geniş spektra malik gündəlik var. Xüsusilə də Kremldən açıqlanan məlumatlar onu göstərir ki, Rusiyanın Güney Qafqazda prioritetləri nədən ibarətdir və Rusiya hansı məsələləri müzakirəsində maraqlıdır. Xüsusilə də regional və qlobal məsələlərin müzakirəsi dedikdə burada İsrail-İran qarşıdurması təbii ki, müzakirə olunacaq. Çünki bu qarşıdurma baş verəcəyi təqdirdə onun Güney Qafqaza istər-istəməz mənfi təsirləri olacaqdır. Nəzərə alsaq ki, İran Rusiyayla strateji tərəfdaş, eyni zamanda Azərbaycanla da ən uzun sərhədə malik olan ölkədir. Vaxtaşırı İran tərəfindən də Azərbaycanıb əleyhinə təxtibatçı bəyanatlar səsləndirilir. Bundan başqa Rusiya tərəfi təbii ki, Azərbaycan-Ermənistan arasında danışıqlar prosesində moderatorluğu əldən vermək istəmir və Kremldən açıqlamalarda məhz bunu göstərir. Eyni zamanda kommunikasiyaların və dəhlizlərin açılması ilə bağlı  məsələdə Rusiyanın mövqeyi aydındır. Rusiya sərhədlərin delimitasiya-demarkasiya prosesinə də dəstək verir. Rusiya bu prosesi 2020, 2022-ci illərdə Rusiyanın moderatorluğu ilə keçirilən görüşlərdə imzalanmış üçtərəfli sənədlərə əsasən aparılmasınl təklif edir. Bu baxımdan Putinin Azərbaycana səfəri kifayət qədər ciddi məzmun daşıyır. 2 günlük səfərdə hesab edirəm ki, hər iki tərəfi maraqlandıran, həm ikitərəfli, həm də regional, o cümlədən qlobal məsələlər müzakirə olunacaq və ortaq nöqtələr tapılacaqdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31