Yusif Bağırzadə: Xalqımız kimin kim olduğunu yaxşı bilir- ÖZƏL
16 Avqust 2024 11:51 Siyasət"Azərbaycanda daxili sabitliyin və milli həmrəyliyin qorunub saxlanılması ölkəmizin istər daxili, istərsə də xarici siyasətdə nə qədər düzgün xətt yürütdüyünü göstərir. Müstəqil və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, eləcə də ölkə daxilində iqtidar və müxalifət qüvvələri arasında dialoq mühitinin formalaşması Azərbaycana hər hansı xarici təsir imkanlarını minimuma endirib".
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Məhz bu səbədəndir ki, ayrı-ayrı qüvvələr Azərbaycana təzyiq yolu ilə nəyəsə nail olmağın mümkün olmadığı reallığını artıq kifayət qədər yaxşı başa düşərək ölkəmizlə qarşılıqlı maraqlar əsasnda ikitərəfli əlaqələrin inkişafına üstünlük verirlər.
Bütün bunlar beynəlxalq münasibətlər sistemində müşahidə olunan bütün təlatümlərə rəğmən, ölkəmizdə formalaşmış yeni siyasi konfiqurasiyanın öz bəhrəsini verdiyini göstərir. Burada ən önəmli məqam həm də ondan ibarətdir ki, ölkəmizdə iqtidar da sağlam müxalifət də ümummilli maraqlar naminə birgə addımların atılmasının nə qədər zəruri və yararlı olduğunu başa düşür və öz addımlarında da şəxsli və partiya maraqlarından deyil dövlət maraqlarından çıxış edirlər.
Düzdür ölkəmizdə hələ də şəxsi, firqə maraqlarından çıxış edənlər də var və bunların da başında AXCP kimi radikallar dayanır. Amma onların indiyə qədər Azərbaycanın siyasi tarixində oynadıqları rol artıq hər kəsə məlum olduğu üçün sayları kifayət qədər məhduddur. Bu da təbiidir, çünki xalqımız kimin-kim olduğunu yaxşı bilir və ölkənin milli maraqlarını tapdamaq bahasına belə hakimiyyətə can atanları yaxşı tanıyır. Artıq hər kəs üçün aydındır ki, bu qüvvələr faktiki olaraq başqaları tərəfindən idarə olunur və onların qeyri sağlam ambisiyaları da şüurlarının deqradasiyaya uğramasının göstəricisidir. Görünən odur ki, öz xəstə ambisiyalarını həyata keçirmək üçün ayrı-ayrı dövlətlərin və qurumların əlində kukla olmağa razılıq verən radikallar hələ də 90-cı illərin ab-havasından çıx bilmirlər.
Şübhə yoxdur ki, müxalifət dünyanın istənilən ölkəsinin siyasi sistemində olduqca əhəmiyyətli elementlərdən birini təşkil edir. Üstəlik, sağlam və peşəkar müxalifət zaman keçdikcə ölkənin siyasi idarəetmə sistemini yalnız gücləndirir və işini daha səmərəli edir. Demokratik müxalifət həm də hakimiyyətin öz fəaliyyətini daha düzgün qurmasına da təkan verir.
Məhz bu səbəbdəndir ki, istər Ümummilli Lider Heydər Əliyev, istərsə də cənab Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə ölkədə sağlam müxalifətin əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.
Sevindirici haldır ki, bu gün AXCP kimi radikalların sabitliyi pozmaq və dialoqda iştirak etməmək üçün əllərindən gələni etməsinə, problemlərin küçələrdə deyil masa arxasında müzakirə edilməsini istəyən sağlam müxalifət qüvvələrə qarşı kampaniya aparmasına baxmayaraq böyük çoxluq ölkəmizin inkişafı və daha da güclənməsinə gedən yolun sivil mübarizə və islahatlar yolu olduğunu qəbul edir. AXCP kimi, milli birliyi inkar edən və öz davranışları ilə hakimiyyətə deyil, bütövlükdə ölkəmizə qarşı fəaliyyət göstərən qurumların isə bu cür fəaliyyət ilə ölkənin siyasi sistemindən tamamilə silinib gedəcəyinə şübhə yoxdur.
Problem ondadır ki, AXCP timsalında radikallar hələ də anlamırlar ki, müxalifət düşərgəsində təmsil olunmaq heç də dövlətin və xalqın əleyhinə mövqe tutmağa, ölkəmizlə bağlı həqiqətləri danmağa, inkar etməyə əsas vermir və bunu müxalifətçilik hesab etmək böyük səhvdir. Öz ölkəsinin, öz xalqının maraqlarının əksinə çıxış etmək, mövqe sərgiləmək, uğurlarını, nailiyyətlərini, qələbələrini danmaq, inkar etmək müxalifətçilik yox, xəyanətkarlıq və düşmənçilikdir.
Biz bu xəyanəti də düşmənçiliyi də indiyə qədər çox görmüşük. AXCP-nin İkinci Qarabağ müharibəsinin gedişində demək olar ki, bütün siyasi partiyaların dünya birliyinə müraciətlərinə qoşulmayanda da, erməni vəhşiliyi, Gəncə terroru, xarici təhdidlərə qarşı partiyaların ümumi bəyanatını imzalamaqdan boyun qaçıranda da bunu müşahidə etmişik. Erməni separatçıları üzərində qələbəyə sevinməyib bu qələbəni şübhə altında almağa cəhd edənlər, Şuşa alınandan sonra bəs Xankəndi nə oldu deyib bağıranlar Xankəndi qayıdanda da yeni məsələ ortaya atıb ərazilərimzidə Rusiya sülhməramlıları qaldığı müddətdə qələbədən danışmaq olmaz deyirdilər. "Sülhməramlılar" da getdi yenə nəsə əmma axtarmağa başladılar. Öz bəyanatları və açıqlamaları ilə faktiki olaraq Azərbaycan düşmən mövqe ortaya qoyan Makronlara, Şvabe kimi ünsürlərə dəstək verdilər.
İndi də Növbədənkənar Parlament seçkilərini hədəfə alan bəyantlarla çıxış edirlər. Bunlara görə əgər Parlamentdə AXCP yoxdursa deməli seçki seçki deyil. Nə qədər ki, AXCP Parlamentdə idi seçkilərin nəticələri tanınırdı. Nə vaxt ki, Parlamentdə dümədilər Parlament oldu anti demokratik yolla formalaşmış qurum. Zamanında, yəni deputat olduğu dövrdə öz kitabında "İlham Əliyev Qafqazda Azərbaycanı lider dövlətə çevirdi" yazan Cəmil Həsənli Əli Kərimlinin parlament iclasını boykot etmək qərarına tüpürüb gedib Parlametdə oturmuşdu. Nəticədə Əli Kərimli də onun partiyadan xaric olunması haqqında qərar verdi. Elə ki, Cəmil Həsənli deputat seçilə bilmədi yenidən Əli Kərimlinin yanına qayıtdı. Bax budur bunların əsl siması.
Bütün bu sadalananlar onu deməyə əsas verir ki, bu qüvvələr üçün müqəddəs heç nə yoxdur. Onların yeganə istəyi öz şəsxi maraq və ambisiyalarını həyata keçirməkdən ibarətdir. Amma yenə təkrar edirəm, bu mümkün olmayacaq. Çünki xalqımız kimin kim olduğunu artıq kifayət qədər yaxşı bilir".
Zeynəb Rzayeva