Ermənistanın Minsk qrupu ilə bağlı nümayiş etdirdiyi mövqeyi növbəti təxribatdır - ÖZƏL

"Ermənistanın Minsk qrupunun buraxılmasının əleyhinə nümayiş etdirdiyi bu mövqe onun sülh sazişi imzalanmasının istəməməsinin daha bir göstəricisidir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Məlumdur ki, Azərbaycanın Minsk qrupu və həmsədrlik institutu ilə bağlı öz yanaşması var. Bu yanaşmanı müharibədən dərhal sonra Azərbaycan ortaya qoyub və bu gün də sülh sazişinin imzalanması üçün Azərbaycanın nümayiş etdirdiyi aydın və qəti şərtlərdən biri də Minsk qrupunun buraxılmasıdır. Azərbaycan bir tərəfdən Ermənistan konstitusiyasının dəyişdirilməsini haqlı tələb edir, axırı tələb edir, ikinci tərəfdən isə Minsk qrupunun buraxılması və onun buraxılması ilə bağlı Ermənistanın Azərbaycanla birgə bəyanat imzalaması şərtini, tələbini ortaya qoyur. Bunların hər ikisi çox vacibdir. Çünki biri Ermənistanın konstitusiyasındakı ərazi iddiaları maddəsinin çıxarılması, o birisi isə Qarabağ münaqişəsinin həqiqətən həll olunduğunu bütün dünyaya nümayişi  deməkdir. Amma Ermənistan təəssüf ki, Minsk qrupunun buraxılması ilə bağlı məsələni müzakirə etmək istəmir və yaxud da bunun müzakirəsinin elə bir formasını təklif edir ki, bu faktiki uzun müddət davam edəcək. 
Azərbaycan Minsk qrupunun buraxılmasına ona görə təkid edir ki, Minsk qrupu münaqişə dövründən yadigar qalmış artıq ziyanlı bir strukturdur. Nə qədər ki, bu struktur buraxılmayıb, Ermənistandakı qisasçı qüvvələrə bir ruh verir və onlarda bir illüziya yaradır ki, guya Qarabağ münaqişəsi hələ bitib, həll olunub qurtarmayıb. Ona görə də Ermənistan Minsk qrupunun buraxılması tələbinə əməl etmək istəmir. 
Eyni zamanda Ermənistan bu addımı Qərbdəki müttəfiqlərinin təhriki ilə atır. Bəllidir ki, Fransada və Ermənistanın digər müttəfiqləri də Ermənistanın sülh sazişi imzalanmasını istəmirlər. Bu prosesin uzadılmasını istəyirlər. Ona görə ki, sülh sazişi imzalanandan sonra artıq bölgədə müharibə vəziyyəti bitmiş olacaq və Ermənistanın müttəfiqlərinin bu bölgəyə müdaxilə etməsi üçün şansı qalmayacaq. Buna görə də Ermənistanın Minsk qrupunun buraxılması ilə bağlı nümayiş etdirdiyi bu mövqeyi növbəti təxribatdır. Sülh sazişi danışıqlarının mənasız şəkildə uzadılması cəhdidir. Sülh sazişinin imzalanması prosesini dayandırmaq cəhdidir. Ancaq Minsk qrupunun formal da olsa, mövcudiyyətinin saxlanması bölgədə sülh prosesinə zərbə vurur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31