Rusiya-Ukrayna cəbhəsində baş verən hadisələr yeni bir mərhələnin başlanğıcı sayıla bilər - ÖZƏL

"Rusiya-Ukrayna cəbhəsində baş verən hadisələr yeni bir mərhələnin başlanğıcı sayıla bilər". 
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Mənə elə gəlir ki, tərəflər bu mərhələdən sonra danışıqlar masası arxasında oturacaqlar. Əslinə qalanda, Ukraynanın Rusiya ərazisinə açıq şəkildə hücum etməsi, Rusiya torpaqlarının artıq bir hissəsində nəzarəti ələ keçirməsi və buna da Rusiyanın təəccüblü bir şəkildə təmkinli yanaşması ondan xəbər verir ki, hardasa dərin güclər razılaşdırılmış bir oyuna başlayıblar. Yəni Rusiya ilə Ukrayna sanki qarşılıqlı şəkildə bir-birlərinin torpaqlarını işğal ediblərmiş kimi danışıqlar masasına oturacaqlar. Əlbəttə ki, bu bir ehtimaldır, başqa variantlar da ola bilər. Amma ümumilikdə nəzərə almalıyıq ki, Amerika Birləşmiş Ştatları və bütövlükdə Qərb onların Ukraynaya təqdim etdiyi uzunmənzilli raketlər, təyyarələr, qırıcı təyyarələr, hücum təyyarələri və s.-dən Rusiyaya qarşı istifadəyə icazə veriblər və təbiidir ki, belə bir şəraitdə artıq Ukrayna Rusiyanın içərilərində də əməliyyatlar apara bilər. 
Xatırlayırıq ki, daha əvvəlki dönəmlərdə Qərb Ukraynaya verdiyi silahlarla Rusiya ərazisinə atəş açılmasını yasaqlayırdı. Yəni yalnız müdafiə üçün həmin silahlardan, yaxud da ki, sursatlardan, ağır texnikadan istifadə edilməsinə icazə verilirdi. Amma indi yavaş-yavaş həmin imkanlardan Rusiya ərazisinə atəş açmaq üçün də icazə verilir və bu, təbiidir ki, Ukraynanın əl-qolunu aça bilir. Belə bir durum var, bildirdiyim kimi. Mümkündür ki, bu durumun işığında tərəflər danışıqlar masasına otursunlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31