Avropa ölkələrinin səfirləri hədlərini və yerlərini bilməlidirlər - ÖZƏL

"Mən həmişə demişəm ki, Azərbaycandakı siyasi qüvvələr heç bir xarici ölkənin səfirləri ilə məsləhətləşmələr aparmamalıdırlar. Çünki siyasi məsələlər bir ölkənin daxili işidir və daxili siyasi məsələlərə hər hansı xarici ölkənin qarışmasına izin verilmir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Azərbaycan qanunvericiliyi də bunu aydın şəkildə göstərir. Bu baxımdan, siyasi partiya rəhbərlərinin əlbəttə ki, görüşmələri, müzakirələri, fikir mübadiləsi mümkündür, amma ümumilikdə siyasi proseslərə bu və ya digər şəkildə təsir edəcək danışıqlar aparması doğru bir şey deyil. Yəni o baxımdan mən düşünürəm ki, Avropa ölkələrinin səfirləri hədlərini və yerlərini bilməlidirlər. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri heç bir ölkənin daxili siyasi proseslərinə müdaxilə etmir. Siz heç eşitmisinizmi ki, Azərbaycan səfirləri, tutaq ki, Fransada, Almaniyada, Danimarkada siyasi partiyaların nümayəndələri ilə belə qapalı görüşlər, müzakirələr keçirsin? Keçirmir. Çünki səfir öz dövlətini həmin ölkə ərazisində təmsil edən bir nömrəli şəxsdir. Onun da müraciət edəcəyi, müzakirə aparacağı şəxslər dövlətin başındakı şəxs, yəni prezident, eyni zamanda dövlətin müvafiq vəzifəli şəxsləridir. Durub siyasi partiyalarla hansısa müzakirələr aparmaq, seçki prosesini müzakirə etmək, bu onların həddi və çərçivəsi deyil. Onlar öz həddlərini aşırlar və mən düşünürəm ki, Azərbaycan dövləti, ümumiyyətlə xarici ölkələrin səfirlərinin ayrı-ayrı siyasi qruplarla bu cür görüşləri ilə bağlı onlara xəbərdarlığını etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31