Moskva bəyannaməsinə bənzər bir bəyannamə Rusiya ilə İran arasında imzalana bilər - ÖZƏL
15 Avqust 2024 15:44 Siyasət"İranla Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanacağı gözləniləndir. Yəni böyük ehtimalla müzakirələr sonrası imzalanmasına dair konkret qərarlar veriləcəkdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Burada prinsip və təəccüblü bir şey yoxdur. Onsuz da Rusiya və İran 200 ildən artıqdır ki, elə bu regionda fəaliyyət göstərirlər. Yəni düzdür, fərqli rejimlər olub, hakimiyyətlər dəyişdi. Amma iki ölkə arasında təmaslar hər zaman olub. Xüsusilə də bu hazırkı İran-İsrail gərginliyi və Rusiya-Ukrayna müharibəsi kontekstində tərəflərin bir-birinə ehtiyacı artıb. Yəni Rusiyanın silah bazarı, İranın enerji resursları: hər iki tərəfin bir-birindən asılı olduğu şeylər var. Bu baxımdan da, yardımlaşmaları və münasibətlərini indiki məqamda strateji tərəfdaşlıq, hətta sonrasında müttəfiqlik səviyyəsinə qaldırmaları da istisna deyil.
Təbii ki, bunun regional təsiri olacaqdır. Yəni biz hər zaman regionda İran və Rusiyanın daha gərgin olmasında maraqlıyıq. Yəni söhbət ondan getmir ki, Azərbaycan bunun üçün nəsə edir. Yəni bu, bizim maraqlarımıza sərf edir. Çünki regionun iki ölkəsinin maraqları bir-birindən kəskin fərqlənirsə, Azərbaycan öz maraqlarını rahat şəkildə təmin edə bilir. Misal üçün, bunu 44 günük müharibə zamanı rahat şəkildə gördük. Amma Azərbaycana qarşı real təhdidin olacağını düşünmürəm. Çünki Azərbaycan Rusiya və İrana qarşı hansı bir aqressiv tutum içərisində deyil. Misal üçün, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan Ukraynanın ərazilərinin işğalını tanımır. Yəni Azərbaycan bu müharibəni real saymır, Rusiyanı işğalçı olaraq görür. Amma paralel də Rusiyaya qarşı hansısa Qərb koalisiyasına, sanksiyalara qoşulmur və s. addımlar atmır.
İranla bağlı da vəziyyət belədir. Azərbaycan İran-İsrail gərginliyinin tərəfi və bir parçası deyil. Hər nə qədər iki tərəf buna çalışsa da, Azərbaycan maksimum neytrallığını və balans siyasətini qorumaqda davam edir. Azərbaycanın balans siyasəti və tutumu hesab edirəm ki, istər şimal, istərsə cənub qonşumuzun maraqlarına uyğundur. Yəni biz onlar üçün təhdid deyiliksə, onların da bizə hansısa təhdid yaranacağını düşünmürəm. Bu əməkdaşlıq daha çox fokuslanıb Qərbə qarşı və təbii ki, Amerikanın müttəfiqlərinə qarşı. Biz bu məsələnin bir parçası olmadığımız üçün bizim üçün təhdid elmentləri daha azdır. Amma təbii ki, dediyim kimi, regionda İran-Rusiya birliyinin olması bizim xarici siyasətimizə də müəyyən, risk faktlar yaradır. Risk faktları təbii ki, görünür rəsmi Bakı öncədən planlaşdırıb. Çünki biz, xüsusən Rusiya ilə münasibətlərimiz yaxşıdır. Yəni bu, həm də onu deməyə əsas verir ki, Rusiyanın atacağı addımları müəyyən mənada biz də bilirik.
Digər tərəfdən, Azərbaycanla Rusiya da strateji tərəfdaşlar, yəni Moskva bəyannaməsinə əsasən hər iki tərəf bir-birini müdafiə etmək gücünə malikdir. Bu baxımdan da, Moskva bəyannaməsi bənzəri bir bəyannamə də Rusiya ilə İran arasında imzalana bilər".