Bu gərginlik Azərbaycanı müharibə meydanına cəlb edə bilməyəcək- ÖZƏL

"Əvvəla qeyd etmək lazımdır ki, "Financial Times" jurnalının  da bunu dərc etməsi   bu siyahının  tamamilə doğru olması  demək deyil. Çünki Qərb mətbuatında biz tez-tez Rusiyaya qarşı bir piar kampaniyalarının həyata keçirildiyini bilirik. Hətta "Financial Times" kimi nüfuslu media qurumları belə bəzən siyasi propoqandanın aləti olurlar". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Burada Azərbaycanın adının qeyd olunması bir az təəccüb doğurur. Birincisi  Azərbaycan bölgədə həmişə balanslı siyasət həyata keçirmişdir. Cənab Prezidentin açıqlamalarında, Azərbaycanın yürütdüyü xarici siyasətdə   açıq şəkildə görürük ki, Azərbaycan heç vaxt nə Rusiyaya, nə Qərbə tammeylli siyasət həyata keçirməyib. Çünki Azərbaycan həmişə regionda özünün azad və balanslı siyasətini həyata keçirmişdir".

Politoloq qeyd edib ki, Cənab Prezidentin də vurğuladığı kimi Azərbaycan heç vaxt özünü Rusiya Qərb arasında döyüş meydanı olaraq görməyib və həmişə bu siyasətdən uzaq qaçıb. "Təəssüflər olsun ki, keçmiş Sovet İttifaqının məkanında bəzi ölkələr oldu ki, Qərb və Rusiya arasında müharibə meydanına çevrildilər. Buna örnək olaraq biz 2008-ci il Ukrayna-Gürcüstan hadisələrini və 2012-cu ildən bu yana davam edən Ukraynadakı prosesləri göstərə bilərik. Həmçinin bu gün Nikol Paşinyan Ermənistanı sürətlə Qərb və Rusiya arasında münaqişə meydanına çevirir. Bütün bu proseslər o ölkələrin özlərinə, xalqlarına, hətta liderlərinə mənfi təsirini göstərmişdir. Ukraynanın bu gün müharibədən necə əziyyət çəkdiyini, Gürcüstanın öz torpaqlarını necə itirdiyini, Ermənistanda siyasi xaosun açıq şəkildə artdığını görürük". 

Bütün bunların düşünənlər üçün həqiqətən də böyük bir örnək təşkil etdiyini bildirən K.Kazımov Azərbaycanın  hətta çox ciddi bir münaqişə dövründə də, qələbəmizdən sonra da heç zaman bu nədənlə özünü Qərbin və ya Rusiyanın döyüş meydanının bir parçası kimi görmədiyini vurğulayıb. 
"Azərbaycan bu gün Moskva ilə də, Qərblə də öz maraqlarını üstün tutaraq əlaqələr yaradır. Zaman-zaman hər iki tərəflə də münasibətlərin gərginləşdiyi dövr olmuşdur. Xüsusən biz Qərblə Azərbaycanın son dövrlər münasibətinin gərginləşdiyini açıq şəkildə görürük. Bunun da səbəbi Qərbin Azərbaycanı gözü götürməyən dairələrinin ermənipərəst fəaliyyətləri və Azərbaycana qarşı qondarma ittihamlar irəli sürməsidir. Lakin bütün bu siyasi proseslər, gərginlik Azərbaycanı heç vaxt müharibə meydanına cəlb edə bilməyəcəkdir. Azərbaycan onsuz da bütün bunları görə bilir. İnanıram ki, bu günə qədər olduğu kimi bundan sonra da bütün bu proseslərdən uğurla yan keçməyi bacaracağıq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31